4 avqust 2011 00:02
Möcüzə, yoxsa vida?
Bu gün UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin oyunlarına start veriləcək. Azerisport.az xəbər verir ki, qitənin nüfuzuna görə Çempionlar Liqasından sonra ikinci ən səviyyəli turniri olan Avroliqada bir Azərbaycan klubu da növbəti mərhələyə pley-offa yüksəlmək üçün mübarizə aparacaq.
Bu, Belçikanın “Brugge” klubu ilə qarşılaşmaq məcburiyyətində qalan “Qarabağ”dı. Məlum olduğu kimi, AZAL və “Xəzər Lənkəran”ın Avroliqada, “Neftçi”nin Çempionlar Liqasında çıxışını startdaca dayandırmasından sonra bütün gözlər məhz Ağdam klubuna yönəlib. Bir sözlə son iki mövsümdə olduğu kimi, Qurban Qurbanovun komandası yenə Azərbaycanın avrokuboklardakı ən layiqli təmsilçisi kimi mübarizəni davam etdirir.
Məlum olduğu kimi, Ağdam klubu artıq bu mövsümə elə birinci təsnifat mərhələsindən start verib. Komandamız həmin mərhələdə Litva “Banga”sı ilə üz-üzə gəlmişdi ki, iki oyunun cəminə görə rəqib qapısına 7 qol vurmaqla üst tura adlamışdı. İkinci mərhələdə isə komandamızın rəqibi Farer adalarını təmsil edən “Streymur” idi. Çoxları ağdamlıların bu rəqibini də asanlıqla keçəcəyini gözləsə də, hər şey fərqli oldu. Səfərdə erkən qola sevinib, son saniyələrdə buraxdığı qola üzünən “Qarabağ” məhz Torshavnda vurduğu top sayəsində nöbbəti mərhələyə adlaya bildi. Çünki ev oyununda Qurbanovun yetirmələri çoxlarının gözləmədiyi halda qolsuz heç-heçəyə razılaşmalı oldu.
Bu dəfə isə Qurban Qurbanovun komandası daha güclü rəqiblə üz-üzədi. Özü də ilk qarşılaşmada gözləmədiyimiz, arzulamadığımız nəticəylə üzləşib. Çox təəssüf ki, Ağdam klubu "Brugge" ilə ilk görüşdə 1:4 hesablı ağır yenilgi ilə üzləşdi ki, bunun da əvəzini çıxmaq o qədər də asan olmayacaq. Amma hər halda ümid sonda ölür deyirlər. Yəni sona kimi mübarizəni davam etdirməyə dəyər. Axı bu, futboldu və burda möcüzələr az olmur.
Digər tərəfdən ən azı ona görə ki, “Qarabağ” artıq nəinki belə rəqiblərlə oynamaq, hətta onları mübarizədən kənarlaşdırmaq təcrübəsinə də malikdi. Hər halda vaxtilə Norveç “Rosenborg”u, Polşa “Wisla”sını keçməyi bacaran ağdamlılar Hollandiyanın “Twente”, Almaniyanın “Borussia” (Dortmund) komandalarıyla da qarşılaşıb və ən azı layiqli müqavimət göstərə bilib. “Brugge” də “Böyük beşlik” təmsilçilərindən deyil ki, burda şansımızın qətiyyən olmadığını düşünüb, meydana çıxmamışdan öncə təslim olaq.
Bu mənada “Qarabağ” müəyyən üstünlüklərə də malikdi. Çünki cütün taleyi məhz doğma azarkeşlər önündə müəyyənləşəcək. Komandamız bu üstünlüyündən maksimum yararlanmağa sadəcə borcludu. Hətta mərhələ adlamasa da belə, “Qarabağ” “Brugge”ni məğlub yola salmalıdı. Ən azı ou dəstəkləməyə gələcək azarkeşlərinə qələbə sevinci bəxş etmək üçün. Ən vacibi Azərbaycanın UEFA reytinqinə əlavə xal qazandırmaq üçün. Və ən nəhayət, avrokubokların cari mövsümü ilə adına layiq vidalaşmaq üçün.
Yeri gəlmişkən, klub rəhbərliyi "Qarabağ"ın qarşısına ən azı son üç ildəki uğurlarını təkrarlamaq vəzifəsini qoyub. Bunun üçün isə "Brugge" səddi mütləq keçilməlidi. Əks halda Ağdam klubu son iki mövsümdəkindən fərqli, pley-offa çıxa bilməyəcək. Bu isə uğursuzluq hesab oluna bilər. Baxmayaraq ki, digərlərindən daha layiqli təmsilçimiz elə yenə Ağdam klubudu. Hər halda ağdamlılar ən azı evdə “Brugge”yə qarşı layiqli oyun sərgiləyib qələbə qazansa, bu, müəyyən qədər təsəlli ola bilər.
Çox təəssüflər olsun ki, komandamızda bu oyun ərəfəsində əhval-ruhiyyə digər səbəblərdən də qaydasında deyil. Belə ki, Rəşad Sadiqovun qardaşının vaxtsız vəfatə hələ də komanda üzvlərinin əhvalına təsirsiz ötüşmür. Baxmayaraq ki, artıq Rəşad sıraya dönüb və o, böyük ehtimalla cavab görüşündə meydana çıxacaq. Lakin əvəzində ilk oyunda sıradan çıxan Vüqar Nadirovun cavab matçında meydana çıxmayacağı dəqiqdi ki, bu da komandamız üçün ciddi itkilərdən sayıla bilər.
“Qarabağ”ın “Brugge” ilə oyun üçün iştirak ərizəsi:
Qapıçılar: 1. Fərhad Vəliyev, 12. Osman Umarov, 99. Bojan Pavloviç;
Müdafiəçilər: 2. Qara Qarayev, 4. Zaur Həşimov, 5. Maksim Medvedev, 7. Namiq Yusifov, 14. Rəşad Sadıqov, 16. Kamil Hüseynov, 24. Admir Teli, 25. Ansi Aqolli;
Yarımmüdafiəçilər: 6. Rəşad Sadiqov, 10. Emin İmaməliyev, 15. Elgiz Kərəmli, 18. İlqar Qurbanov, 20. Nderim Nedzipi;
Hücumçular: 9. Bəxtiyar Soltanov, 11. Rauf Əliyev, 17. Vüqar Nadirov, 21. Murad Səttarlı, 22. Əfran İsmayılov, 23. Tural İsgəndərov, 77. Georgi Adamiya.
“Brugge”nin “Qarabağ” ilə oyun üçün iştirak ərizəsi:
Qapıçılar: 1. Kolin Kusemans, 33. Vladimir Kuyovic, 49. Yordi Maes, 50. Sven Doest;
Müdafiəçilər: 3. Mixael Almebak, 4. Karl Hoefkens, 5. Fredrik Stenman, 18. Rayan Donk, 21.Pietro Perdiçitsi, 24. Daan Van Giysegem, 28. Yannes Vanstenkiste, 51. Mateus Kuzmiçki, 52. Simon Savaete, 53. Dilan Vanneste;
Yarımmüdafiəçilər: 2. Tom Hoqli, 6. Niki Zimlinq, 7. Vilfrid Dalmat, 8. Lior Refaelov, 10.Nabil Dirar, 11. Conathan Blondel, 13. Victor Vaskes, 20. Tibaut Van Aker, 26. Fries Deşilder, 32.Vadis Ocica, 54. Nataniel Laqrou;
Hücumçular: 9. Byorn Vleminks, 15. Yosef Akpala, 16. Maksim Lestyenn, 19. Tomas Meunier, 27. Cimmi de Yonq, 29. Zinho Qano, 30. Nik Van Belle, 45. Tyendo De Kuper.
Avropa Liqası
Üçüncü təsnifat mərhələsi
Cavab oyunu
4 avqust
21:00. Qarabağ - Brugge
Hakimlər: Saşa Kever, Daniel Vermelinger, Raffael Zeder, Stefan Bulman (hamısı İsveçrə).
UEFA nümayəndəsi: Genadi Skurtul (Moldova).
Hakim-inspektoru: Nathan Bartfeld (Moldova).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
