5 avqust 2011 13:53
Leor Rafaelov: Bakıya gəlməyimə görə qürur duyuram
“Brugge”nin yarımmüdafiəçisi Leor Rafaelov Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirilmiş cavab oyunu haqda fikirlərini azerisport.az-la bölüşüb.
“Qarabağ” çox yaxşı komandadı. Bu gün onlar bizə qalib gələ bildilər. Bakıya daha uğurlu nəticə üçün gəlmişdik. Amma ən əsası odu ki, növbəti mərhələyə adlaya bildik. İndi buna köklənmək lazımdır”, deyə Rafaelov sözə başlayıb.
“Ola bilər ki oyuna bacardığımız qədər yaxşı başlamadıq. Ancaq bizim üçün növbəti mərhələyə keçmək istənilən halda vacib idi. Xoşbəxtlikdən ilk oyunun nəticəsi “Qarabağ”a minimal hesabla məğlubiyyətə imkan verirdi”, deyə Rafaelov qeyd edib.
İsrailli yarımmüdafiəçi həmçinin valideynlərinin Azərbaycandan olduğuna da toxunub: “Valideynlərim Bakıda doğulub, Bakıda yaşayıblar. Ancaq hər ikisi hələ gəncliyində Bakını tərk ediblər. Özüm burada ilk dəfəyəm və hələ onlarla bu barədə danışa bilməmişəm. Bakıya gəlməyimə görə qürur duyuram və buna şadam. Şəhərə baxmağa vaxtım olmasa da, xüsusən məşqlərdə olmağımıza və oteldə qalmağımıza baxmayaraq gördüklərim xoşuma gəldi”.
Gənc yarımmüdafiəçi həmçinin anasının onu Azərbaycan mətbəxi ilə şad etməsini də qeyd edib: “Uşaqlıqda və indi də anam mənə tez-tez Bakı plovu hazırlayır. Belə ki, paytaxtınızla mətbəxdən tanışam”, deyə Rafaelov əlavə edib.
