5 avqust 2011 14:20
XL üçün çempionata 6-cı dəfə qələbə ilə başlamaq şansı
Bu həftə Azərbaycan Premyer Liqasının 2011/2012 mövsümü başlayacaq. Azerisport.az xəbər verir ki, çempionatın ilk oyununu doğma meydanda keçirəcək “Xəzər Lənkəran” debütant “Sumqayıt Şəhər” komandasını qəbul etməyə hazırlaşır.
Qarşıdan gələn oyun bu komandalar arasında ilk qarşılaşmadı. Lakin çempionat tarixində “Xəzər Lənkəran” Sumqayıt şəhərinin digər iki təmsilçisi ilə dəfələrlə qarşılaşıb. Bunlar “Gənclərbirliyi” və “Standard Sumqayıt” komandanlarıdı. Səkkiz dəfə “Gənclərbirliyi” ilə görüş keçirmiş cənub təmsilçisi bu oyunların yeddisində qalib gəlib və yalnız bir dəfə qolsuz heç-heçə edib.
2009/2010 mövsümündə isə Sumqayıt çemponatda “Standard” komandası ilə təmsil olundu. Həmin çempionatda rəqibi səfərdə 2:1 hesabı ilə məğlub edən “Xəzər Lənkəran”, evdə qolsuz heç-heçəyə razılaşmalı olmuşdu.
Çempionatın açılış oyunlarında “Xəzər Lənkəran”ın statistikası belədi: 5 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət. 2004/2005 mövsümündə “Turan”a qarşı çempionatın ilk turu çərçivəsində keçirilən oyun komanda tarixinin ilk oyunu kimi yaddaşlarda qaldı. Səfərdə keçirilmiş bu oyun 1:1 hesabı ilə yekunlaşmışdı. Növbəti mövsümdə həmin il debütant olan “Olimpik” oldu və bu səfər oyunu lənkəranlıların 2:0 hesablı qələbəsi ilə başa çatdı.
2006/2007 mövsümündə isə “Xəzər Lənkəran” çempionatın startını “Neftçi” ilə ev oyununda verdi və 2:1 hesabı ilə qalib gəldi. Həmin oyunda “Xəzər Lənkəran” Mərkəzi Stadionunun da açılış mərasimi baş tutmuşdu. Növbəti mövsümün ilk turunda komanda səfərdə “Karvan”a qalib gəldi – 1:0. 2008/2009 çempionatı yenə “Karvan”la səfər oyunundan başladı və bu dəfə rəqib eyni hesabla qalib gəldi.
2009/2010 mövsümündə çempionatın ilk oyununda “İnter”i qonaq edən “Xəzər Lənkəran” 1:0 hesabı ilə qalib gəldi. Ötən çempionatda isə yenə evdə, yenə 1:0 hesabı ilə bu dəfə “Qəbələ” üstələndi. Beləliklə, ilk oyunu evdə keçirdiyi hallarda komanda yalnız qələbə qazanıb. (klubun rəsmi saytı)
