5 avqust 2011 16:02
Vaqif Cavadov Rusiya kubokundakı növbəti rəqiblərini tanıdı
Futbol üzrə Rusiya kubokunun 1/8 və 1/4 final mərhələsinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, püşkatmada millimizin hücumçusu Vaqif Cavadovun top qovduğu “Volqa” və Vaqif Sadıqovun məşqçi kimi çalışdığı “Anji” də növbəti rəqiblərini tanıyıb.
Belə ki, “Volqa” 1/8 finalda Moskva “Spartak”ı ilə qarşılaşacaq. Bu görüş sentyabrın 21-də Moskvada, “Lujniki”də baş tutacaq. Bu cütün qalibi 1/4 finalda “Terek” – “Torpedo” cütünün qalibi ilə görüşəcək.
“Anji” isə Moskva “Dinamo”su ilə görüşəcək. Bu oyun da sentyabrın 21-də Moskvada keçiriləcək. Bu cütün qalibi “Zenit” – “Dinamo” (Bryansk) cütünün ən güclüsü ilə qarşılaşmalı olacaq.
Sonda maraq üçün onu da vurğulayaq ki, hər iki həmyerlimizin komandası əslən azərbaycanlı olan futbolçuların çıxış etdiyi kluba qarşı mübarizə aparacaq. “Spartak”ın heyətində əslən azərbaycanlı yarımmüdafiəçi Emin Mahmudov çıxış edir. Sadıqovun komandası isə Aleksandr Səmədovun yarımmüdafiəçi mövqeyində oynadığı “Dinamo” ilə görüşəcək.
