5 avqust 2011 00:17
Rövnəq Abdullayev: Bizə normal qrup düşüb
AFFA prezidenti Rövnəq Abdullayev Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la “Brugge” arasında keçirilmiş cavab oyunundan sonra azerisport.az saytının müxbirinin suallarını cavablayıb.
- “Qarabağ”la “Brügge” arasında keçirilmiş bugünkü oyun sizə necə təsir bağışladı?
- “Qarabağ” yaxşı oynadı. Futbolçuların oyuna yaxşı hazırlaşdığı görünürdü. Göstərdikləri oyundan razı qaldım. Təəssüf ki vəziyyətlərin reallaşdırılması ilə bağlı problem vardı. İlk hissədə qol vurmaq lazım idi. Əgər biz bunu edə bilsəydik, hər şey fərqli olardı. Mənə elə gəlir ki, müəyyən dərəcədə “Qarabağ”da sürət çatmırdı.
- Azərbaycan komandalarının avrokuboklardakı oyununu ümumilikdə necə qiymətləndirirsiniz?
- Azərbaycan klublarını Avropa Liqası və Çempionlar Liqasının qrup mərhələsində görmək istəyimiz heç kimə sirr deyil. Ancaq hələlik gücümüz yalnız buna çatır.
- DÇ-2014-ün seçmə mərhələsinin püşkatmasını necə qiymətləndirisiniz?
- Bizə normal qrup düşüb. Burda öz sözümüzü deyə bilərik. Qrupdan çıxacağımız barədə vəd verə bilmərəm, ancaq konkret məqsəd üçün oynamaq alınacaq.
- Məhz hansı məqsəd?
- Bu haqda danışmaq hələ tezdi. Gəlin bu mərhələni başa vuraq. Qarşıda bir neçə oyunumuz var, onlar başa çatsın, sonra müzakirə edərik.
- Bu günlərdə başlayacaq milli çempionatdan nə gözləyirsiniz?
- Bütün komandalardan gözəl və ədalətli oyun. Hesab edirəm ki, çempionatımızın hazırkı vəziyyəti normaldı. Bunu ildən ilə yüksəltmək lazımdır. Buna görə də yeni mövsümə böyük ümidlər bəsləyirəm.
