6 avqust 2011 13:01
Volqa darmadağın, millimizin üzvü qol ötürməsi etdi
Azərbaycan U-19 yığmasının üzvü Şamil Qurbanov Rusiyanın “Volqa” klubunun əvəzedicilərinin heyətində növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, o, “Rostov” ilə ev qarşılaşmasının iştirakçısı olub.
Baş məşqçi Maqomed Adiyev millimizin müdafiəçisinə ilk dəqiqələrdən şans verib. Qurbanov matçı əvəzedilmədən keçirib. Qarşılaşmaya gəlincə, artıq 3-cü dəqiqədə qonaq komandanın üzvləri hesabı açıblar. Lakin meydan sahibləri onları sözün həqiqi mənasında buna peşman ediblər. Belə ki, qalan dəqiqələr ərzində rəqib qapısına düz 6 qol vuran Nijni Novqorod təmsilçisi meydandan inamlı qələbə ilə ayrılıb – 6:1. Komandasının vurduğu dördüncü qolun ötürməsini məhz Şamil Qurbanov verib.
Qeyd edək ki, “Volqa”nın əsas heyətində Azərbaycanın əsas millisinin hücumçusu Vaqif Cavadov da forma geyir.
