6 avqust 2011 20:06
Yeni mövsümün ilk penaltisi Rəvana, ilk dublu Sultanova qismət oldu
Azərbaycan Premyer Liqasının yeni mövsümünün ilk penaltisi və ilk dublu rəsmiləşib. Azerisport.az xəbər verir ki, bu, 2011/12 mövsümünün birinci turunun açılış matçına – “Kəpəz” – “Rəvan” oyununa təsadüf edib.
Öncə qarşılaşmanın 78-ci dəqiqəsində “Rəvan”ın oyunçusu Miloş Zeçeviç komandasının qazandığı penaltini dəqiq yerinə yetirməklə Azərbaycan çempionatlarının tarixinə düşüb. Elə elitada ilk mövsümünü keçirən “Rəvan”ın da tarixində bu, ilk penalti və penaltidən vurulan qol olub.
Matçın 87 və 88-ci dəqiqələrində ardıcıl olaraq qol vuran “Kəpəz”in oyunçusu Ceyhun Sultanov isə yeni mövsümün ilk dubluna imza atıb. Məhz təcrübəli yarımmüdafiəçinin vurduğu qollar meydan sahiblərinə 3:2 hesablı qələbə qazandırıb.
Xatırladaq ki, mövsümün açılış matçında həm də bu Premyer Liqanın ilk qolunun müəllifi müəyyənləşdi. Bu, “Rəvan”ın isveçli forvardı Con Pelu oldu.
