8 avqust 2011 13:23
Boban Babunski: Azərbaycan yığması qələbə acıdı
Futbol üzrə Makedoniya yığmasının məşqçi səlahiyyətlərinin icraçısı Boban Babunski avqustun 10-da Azərbaycanla keçiriləcək beynəlxalq yoldaşlıq görüşü ilə əlaqədar mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, o, qarşılaşma ilə bağlı aşağıdakıları dilə gətirib:
“Bəzi oyunçuların hələ də komandada olmaması, Azərbaycanla oyuna hazırlaşmamasına baxmayaraq, ümid edirəm ki, onlar düşərgəyə yaxşı vəziyyətdə gələcəklər. Onlardan bəziləri hazırlığa bu gün qoşulacaqlar, bəziləri bir qədər gec. Ona yaxın futbolçu Vyana aeroportunda bizə qoşulacaq, oradan isə Bakıya uçacağıq”, deyə Babunski sözə başlayıb.
O, bildirib ki, oyuna qatıla bilməyəcək futbolçular var: “Neftçi”də oynayan İqor Mitreski ilə yanaşı Agim İbraimi və Aleksandr Lazevski də bu oyunda zədə səbəbi ilə iştirak edə bilməyəcəklər. Həmçinin Nikolçe Novevski klubu ilə bağlı bəzi vəziyyətlərə görə oyunu buraxmalı olacaq. Buna baxmayaraq heyətimizdə kifayət qədər yüksək səviyyəli oyunçu var”.
Babunskinin sözlərinə görə o, Makedoniya gənclər yığmasının oyunçularını oyuna cəlb edə bilər: “Gənclərdən əsas yığmanın astanasında olan oyunçularımız var. Hesab edirəm ki, belə oyunlar onların yoxlanılması üçün yaxşı imkandı. Bu, bizə yığma üçün gələcək seçmə mərhələlərə yeni kadrların hazırlanmasına kömək edəcək”, deyə Babunski qeyd edib.
Birbaşa Azərbaycanla oyuna gəlincə Babunski bunları bildirib: “Azərbaycan yığması keyfiyyətli rəqibdi. Berti Foqtsun rəhbərliyi altında güclü futbolçular toplanıb. Onlar qələbə acıdırlar. Bu oyunun yoldaşlıq görüşü olmasına baxmayaraq, oyun bizə nəticə nöqteyi-nəzərindən vacibdi”.
Xatırladaq ki, Makedoniya yığmasının yeni baş məşqçisi Uelsli Con Toşak təyin edilib. Ancaq o, səlahiyyətlərinin icrasına avqustun 25-də başlayacaq.
