8 avqust 2011 15:14
“Kəpəzə bu heyətlə medallar uğrunda döyüşmək çətin olacaq”
“Kəpəz”in yarımmüdafiəçisi Ceyhun Sultanov azerisport.az saytına müsahibəsində Premyer Liqanın ilk turunun “Rəvan”la oyunundan (3:2), yeni mövsümlə bağlı hədəflərindən danışıb.
- “Rəvan” ilə oyunu necə dəyərləndirərdiz?
- Oyun maraqlı alındı. Yağışa baxmayaraq, hər iki komanda oyuna maksimum köklənmişdi. Çətin idi. Biz demək olar ki, bu oyunu xilas etdik. Hesab edirəm ki, komandamız layiqli və rəqibdən yaxşı oyun sərgilədi. Bununla belə, öz meydanında uduzmaq yaxşı deyil. Özü də bizə. Hamı bilir ki, Gəncədə futbolu çox sevirlər və komandamızı dəstəkləyirlər. Çox sevinirəm ki, 3 xal qazana bildik. Oyunun hesabı da göstərir ki, gələcəkdə bizi daha çətin oyunlar gözləyir.
- Rəqibi necə qiymətləndirirsiz?
- Bu komanda debütanta oxşamır, çünki qorxmadan oynayırdı. Xüsusilə birinci hissəni yüksək səviyyədə keçirdilər. Hətta üçüncü topu vurandan sonra hücuma davam edirdilər. Demək olar ki, bizim üçün vacib olan qələbəni onlardan oğurladıq. Axı bizdə yeni komanda yaranır.
- Öz oyununuz haqqında nə deyə bilərsiz?
- Bacardığım qədər çalışdım. Meydana çıxırsansa, ümidləri doğrultmalısan. İki qol vurub, komandaya qələbə qazanmağa kömək etdim. Qol vəziyyətlərinin birində qapıçının səhvini qeyd etmək istərdim. Belə səhvi bağışlamaq olmazdı. Mən sadəcə, rəqibin müdafiəsində yol verilən səhvlərdən yararlanıb qol vurdum. Futbolda belə hallara tez-tez rast gəlinir. Qol vurmaq mənim işimdi. Buna görə də gələcəkdə daha yaxşı oynamağa çalışacağam.
- Komandanızın qarşısında hansı məqsədlər qoyulub?
- Hər oyunda qələbəyə oynayacağıq. İlk altılığa düşməyi çox istərdik. “Kəpəz” öz oyunu ilə buna layiq olduğunu sübut etməlidi. Məncə, indiki heyətlə medallar uğrunda döyüşmək çətin olacaq. Heyəti gücləndirmək üçün iki-üç transfer etmək pis olmazdı. Transfer pəncərəsi avqustun 31-də bağlanır və hər hansı müqavilə imzalamağımız mümkündü.
- Başqa klublar ölkə kənarında hazırlıq keçdikləri halda, “Kəpəz” təlim-məşq toplanışını Azərbaycanda həyata keçirdi. Bu amil oyununuza təsir göstərə bilər?
- Düşünmürəm ki, bu, komandaya pis edə bilər. Yeganə mənfi cəhət təcrübə yoxluğudu. Biz çox az yoldaşlıq oyunu keçirmişik.
- Yayın əvvəlində “Bakı” və “İnter”in sizinlə maraqlanması haqda informasiya vardı. Ancaq siz Gəncədə qaldınız...
- Mən də bu haqda oxumuşam. Demişdilər ki, mənimlə çempionluğa oynayan bir neçə komanda maraqlanır. Ancaq rəsmi təklif almadım. Əgər klub hansısa oyunçunu sıralarında görmək istəyirsə, onu dəvət etməli, müqaviləni müzakirəyə çıxarmalıdı. Belə şey olmayıb. Həm də mən “Kəpəz”d xoşbəxtəm. Amma ola bilsin ki, gələcəkdə daha güclü klublarda oynadım.
