9 avqust 2011 17:46
Bakı 7 futbolçusunun xidmətindən məhrum oldu
Azərbaycan çempionatının açılış turunda “Qəbələ”nin qonağı olan və səfərdən heç-heçə ilə dönən “Bakı” ikinci turun oyununa hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, “zolaqlılar”ın “Simurq”la qarşılaşması 14 avqust tarixində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Lakin komanda növbəti oyuna heç də tam heyətlə hazırlaşa bilmir. Paytaxt klubunun üç futbolçusu Azərbaycan milli komandasının düşərgəsində yer alır. Elvin Məmmədov, Fabio Luis Ramim, Aqil Məmmədov Azərbaycan milli komandasının avqust ayının 10-da Makedoniyaya qarşı keçiriləcək oyununda meydana çıxa bilərlər.
Daha bir futbolçu Novruz Məmmədov isə 21 yaşlılardan ibarət milli komandanın düşərgəsində Estoniya ilə oyuna aparılıb. “Bakı”nın əcnəbi futbolçuları da müxtəlif milli komandalara dəvət alıblar. Maris Verpakovski və Denis İvanov Latviya, Deyvidas Çesnauski isə Litva milli komandasının heyətinə cəlb edilib.
Əlavə edək ki, Latviya milli komandası avqust ayının 10-da yoldaşlıq oyununda Fillandiya ilə qarşı-qarşıya gələcək. Çesnauskinin komandasının rəqibi isə Ermənistan millisi olacaq.
