9 avqust 2011 00:34
Millinin Makedoniya ilə oyunda qol vuracaq futbolçusu yoxdu
Berti Foqts Makedoniyaya qarşı keçiriləcək beynəlxalq yoldaşlıq oyununa 20 futbolçu çağırdı. Azerisport.az araşdırmasi ilə milliyə çağırışıların ötən həftə necə oynadığına nəzər salaq.
Milli yığmanın qapıçıları Kamran Ağayev və Andrey Popoviçin komandaları ölkə çempionatının 1-ci turunda qarşılaşdı. “Xəzər Lənkəran” və “Sumqayıt Şəhər”in görüşü meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatdı. Eşqin Quliyevin (“Sumqayıt Şəhər”) topu cərimə zərbəsindən yaxın küncə göndərdiyi qol anı Kamran Ağayevi qayğılandırmalıdı. Aqil Məmmədov isə “Bakı”nın heyətində “Qəbələ”yə qarşı oynamasına görə məyus ola bilər.
Bütövlükdə isə, istirahət günlərində yığmanın altı oyunçusu oyun təcrübəsini artırmaqdan məhrum oldu. Belə ki, “Qarabağ” - “Neftçi” oyunu təxirə salındı. “Neftçi”də Rail Məlikov, Ruslan Abışov və Cavid Hüseynov, “Qarabağ”da isə Rəşad Sadıqov, Əfran İsmayılov və Rauf Əliyev milli birinciliyin ilk turunda istirahət etdilər. “Qarabağ”ın oyunçuları Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Brugge”yə qarşı cavab oyununda 90 dəqiqə meydanda olublar. Həmçinin komandanın avrokubok oyunlarında fəal iştirak ediblər.
“Qəbələ”nin Foqts tərəfindən yığmaya çağırılmış beş futbolçusundan “Bakı”ya qarşı oyunda Vurğun Hüseynov, Mahir Şükürov və Aleksandr Çertoqanov 90 dəqiqə meydanda oldusa, Murad Hüseynov isə 75-ci dəqiqədə oyuna daxil oldu və 15 dəqiqə mübarizə apardı. Arif İsayev isə oyunu ehtiyat oyunçular skamyasında keçirdi. Onlara qarşı millinin digər üzvləri oynayıb: Elvin Məmmədov 90 dəqiqə, Fabio Luis Ramim isə son 30 dəqiqə.
İlk turda “Sumqayıt Şəhər”ə qarşı “Xəzər Lənkəran”ın heyətində Elnur Allahverdiyev və Rahid Əmirquliyev 90 dəqiqə oynayıblar. Aqil Nəbiyev AZAL-ın “Simurq” üzərində böyükhesablı qələbəsinə (3:0) töhvə verib.
Qeyd edək ki, yığmaya çağırılmış oyunçulardan heç biri milli çempionatın ilk turunda qol vura bilməyib. Ümumiyyətlə isə yerli futbolçular arasında qolları veteran Ceyhun Sultanov və gənclər - Eçqin Quliyev və Elnur Abdulov vurublar. Qalan qollar legionerlərin hesabındadı.
Xatırladaq ki, Azərbaycan və Makedoniya milli yığmaları arasında keçiriləcək beynəlxalq yoldaşlıq görüşü avqustun 10-da, saat 20:00-da, “Dalğa Arena”da baş tutacaq. Bu oyun AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabr ayında Belçika və Qazaxstan komandaları ilə qarşılaşmaya hazırlıq xarakterli son oyun olacaq.
