11 avqust 2011 18:24
“Biz istənilən şəraitdə qalib gəlməliyik”
“İnter”in futbolçusu Xəyal Mustafayev müsahibəsində “Turan”la keçirilmiş son oyunla bağlı fikirlərini bölüşüb, qarşıdakı “Qarabağ”la matça toxunub. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
- “Turan”la matç barədə fikirlərini bilmək istərdik...
- Mövsümün ilk oyunları həmişə çətin olur. Bizə uduzmaq istəməyən güclü komanda müqavimət göstərirdi. Birinci hissədə komandamız üstünlüyə malik idi, lakin onu qola çevirə bilmədik. Allaha şükür ki, fasilədən sonra üstünlüyü arzu olunan qola çevirməyi bacardıq.
- Amma “İnter”in növbəti rəqibi “Qarabağ” olacaq. Qarşıdakı oyun barədə nə düşünürsən?
- Hazırda “Qarabağ” Azərbaycanın ən yaxşı komandalarından biridi. Bu komanda oyun tərzilə seçilir, onlar topa nəzarət etməyi xoşlayırlar. Təbii ki, bizə çox çətin olacaq. Ancaq “İnter” bütün oyunlara yalnız qələbə üçün çıxır. Buna görə də, “Qarabağ”a qalib gəlməyə çalışacağıq.
- Matçın Quzanlıda baş tutacağını nəzərə alsaq, o zaman onu “Qarabağ” üçün əlavə üstünlük kimi qiymətləndirmək olar. Hamımız bilirik ki, orada tribunalar dolu olur və bir şəraitdə qonaq komandalara oynamaq çox çətindi...
- Bəli, bu belədi. Lakin yüksək yerlər uğrunda oynayan peşəkar komandalar üçün stadion faktoru böyük rol oynamamalıdı. Biz istənilən şəraitdə qalib gəlməliyik.
- “İnter”in bu mövsümdə hansı məqsəd və vəzifələri var?
- Komandamızın məqsədləri həmişə olduğu kimi yüksəkdi. Mən istər çempionatda, istərsə kubokda qələbə qazanaraq mükafat əldə edəcəyimizə ümid edirəm. “İnter” mütləq avrokuboklarda oynamalıdı. (klubun saytı)
