11 avqust 2011 18:43
Zeynal Məmmədov: Bu, planlarımıza təsir etməyəcək
Ötən gün "Dalğa" stadionunda Makedoniya milli komandasını qonaq edən Azərbaycan yığması meydandan 0:1 hesablı məğlubiyyətlə tərk etdi. Azerisport.az xəbər verir ki, yoldaşlıq oyununda itkimiz tək bu olmadı.
Belə ki, komandamızın heyətində meydana çıxan bir neçə futbolçumuz zədələndi. Bunlardan ikisi isə "Bakı"nın oyunçuları oldu.
Yarımmüdafiəçi Elvin Məmmədov Makedoniyaya qarşı oyunda komandamızın ən fəal üzvlərindən biri olsa da, o, oyunun ilk yarısında rəqib futbolçu ilə toqquşmada zədələnərək, 26-cı dəqiqədə meydanı tərk etməli oldu. İkinci hissədə isə Fabio Luis Ramimin də zədələnməsi və 73-cü dəqiqədə əvəzlənməsi qarşılaşmanı stadionun tribunlarından izləyən "Bakı" futbolçuları üçün ən üzüntülü anlardan biri idi.
Lakin Premyer Liqanın ikinci turunun "Bakı" - "Simurq" oyunu öncəsi komandanın iki üzvünün zədələnməsi və təxminlərə görə 3 həftə müddətində sıradan çıxması “zolaqlılar”ın qələbə əzminə təsir etməyib. "Bakı" futbol klubunun vitse-prezidenti Zeynal Məmmədov xəbəri şərh edərkən Fabio Luis Ramim və Elvin Məmmədovun sıradan çıxmasına münasibət bildirib:
"Hər mövqeyə layiqli əvəzləyici var. Əlbəttə, iki futbolçumuzun zədələnməsi bizi məyus edir, ancaq bu amil planlarımıza təsir etməyəcək. "Bakı" meydana ancaq qələbə üçün çıxır. Bu dəfə də istisna olmayacaq".
