12 avqust 2011 17:34
Xəzər Lənkəran növbəti transferini açıqladı (FOTO)
“Xəzər Lənkəran” daha bir transferini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, Azərbaycan milli komandasının sabiq futbolçusu Branimir Subaşiç bu gündən etibarən “ağ-yaşıllar”ın şərəfini qoruyacaq.
Öncədən də xəbər verdiyimiz kimi, 29 yaşlı hücumçu ilə klub arasında bir il yarım müddətinə müqavilə bağlanılıb.
Milliyətcə serb olan Subaşiç, karyerasına doğulduğu ölkənin “Jeleznik” klubunda başlayıb. Bundan sonra hücumçu legioner karyerasına start verib. Öncə Belçikanın “Ostende”, ardınca isə Fransanın “Bove Uaz”, Ukraynanın “Çernomorets” və Rusiyanın “Amkar” klublarının formasını geyən Subaşiç, 2005-ci ildə Azərbaycanın “Neftçi” klubuna transfer olunub. 2007-ci ildə futbolçu milliləşdirilərək Azərbaycan yığma komandasının heyətinə cəlb olunub.
2008-ci ildə artıq yığmamızın hücumçusu kimi Serbiyanın “Srvena Zvezda” klubuna keçib. Burada bir mövsüm çıxış etdikdən sonra isə futbolçu Çinin “Çanjun Yatay” klubunda forma geyməyə başlayıb. Son mövsümü Subaşiç çempionatımızda “Qəbələ”nin heyətində keçirib.
