13 avqust 2011 00:01
İlk dəfə tam tərkibdə
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 2-ci turunun oyunlarına start veriləcək. Azerisport.az xəbər verir ki, hesabat turunun oyunları yenə iki günə bölüşdürülüb.
Lakin ilk oyun günündə sadəcə 1 qarşılaşma keçiriləcək. Qalan görüşlər isə bazar gününə təsadüf edəcək.
2-ci tura Tovuzda start veriləcək. Burda yerli “Turan” qərb derbisində “Kəpəz”i qəbul edəcək. Həmin “Kəpəz”i ki, ilk turda doğma meydanda debutant “Rəvan” üzərində çətinliklə də olsa, əzmkar qələbəyə sevindi və böyük bir sürprizin qarşısını aldı. Gəncə klubunu bu dəfə də çətin sınaq gözləyir. Çünki Mehman Allahverdiyevin komandası yenilənmiş, Əsgər Abdullayevin rəhbərlik etdiyi kollektivlə üz-üzə gələcək. Tovuz təmsilçisi ilk turda səfərdə “İnter”lə qarşılaşmış və rəqibə ciddi müqavimət göstərməsinə rəğmən, minimal hesablı məğlubiyyətlə üzləşmişdi. Bu dəfə isə, güman ki, Abdullayev “Turan”la ilk xalını qazanmağa, bəlkə də qələbəsini rəsmiləşdirməyə çalışacaq. Hər halda qərb derbisinin gərgin keçəcəyi şübhəsizdi.
Hesabat turunun qalan bütün görüşləri isə bazar gününə təsadüf edəcək. Ən maraqlı qarşılaşmalardan biri Quzanlıda keçiriləcək. Turun mərkəzi oyununda “Qarabağ” ağdamlı azarkeşlərin gözü önündə “İnter”i qəbul edəcək. Qeyd edək ki, Avropa Liqasındakı çıxışı ilə əlaqədar mövsümün açılış turunda “Neftçi” ilə oyunu təxirə salınan Qurban Qurbanovun komandası yeni mövsümdəki ilk qarşılaşmasına məhz sabah çıxacaq. “İnter” isə artıq ilk turda “Turan” üzərində qələbəyə sevinib və bu dəfə uğurun davamını gətirməyə çalışacaq. “Qarabağ”ı isə mövsümə qələbə ilə start vermək vəzifəsi gözləyir. Hər iki komanda qarşısına yüksək hədəflər qoyduğundan mərkəzi qarşılaşmada maraqlı mübarizə olacağı gün kimi aydındı.
Son çempion “Neftçi” də yeni mövsümə bu tur start verəcək. “Ağ-qaralar” Çempionlar Liqasındakı uğursuz çıxışın ardından baş məşqçi postunda dəyişikliyə əl atdı və komanda Böyükağa Hacıyevə tapşırıldı. Debüt matçı “Qarabağ”la oyuna təsadüf etməli olan bu mütəxəssis yeni komandasıyla məhz “Rəvan”la qarşılaşmada siftə edəcək. Onun “Neftçi”dəki ilk matçının nə dərəcədə uğurlu olacağı isə maraqla gözlənilir. Hər halda “Rəvan” debutant olsa da, “Muğan”ın bazası əsasında formalaşıb və mövsümün süpriz komandalarından ola bilər. Hansı ki, elə ilk turda “Kəpəz”ə az qala belə bir sürprizi yaşadacaqdı. Amma Bəhmən Həsənovun yetirmələri yalnız son dəqiqələrdə buraxılan 2 qolla qələbəni əldən verdilər. Onların bu dəfə çempiona necə müqavimət göstərəcəyi də az maraq doğurmur.
Digər debutant “Sumqayıt Şəhər” də bu dəfə ilk ev oyununa çıxacaq. Sumqayıt təmsilçisi doğma şəhərdəki debüt matçında “Qəbələ”ni qəbul edəcək. Həmin “Qəbələ” ki, ilk turda “Bakı” ilə prinsipial qarşılaşmada qolsuz heç-heçəyə razılaşdı və mövsümə 1 xalla başladı. Ötən mövsümlə müqayisədə çox güclənən və qarşısına yüksək hədəflər qoyan Qəbələ klubu güman ki, bu dəfə ilk qələbəsini rəsmiləşdirməyə çalışacaq. Baxmayaraq ki, qarşılaşma səfərdə keçiriləcək. Özü də “Sumqayıt Şəhər” ilk turda səfərdə “Xəzər Lənkəran”a məğlub olsa da, xoş təsir bağışladı və belə görünür ki, hələ çoxlarına baş ağrısı ola biləcək.
Hesabat turunun daha bir prinsipial qarşılaşması AZAL və “Xəzər Lənkəran” arasında keçiriləcək. Hər ikisi Avropa Liqasında çıxış edən və startdaca məğlub olan komandalar ilk turda qələbəyə seviniblər. Lakin uğursuzlar bu dəfə öz aralarındakı münasibətləri ayırd etməlidilər. Heyətini gücləndirməkdə davam edən “Xəzər Lənkəran”ın nəyə qadir olduğu məhz “təyyarəçilər”lə səfər görüşündə bilinəcək. Elə AZAL da yeni mövsümlə bağlı iddialıdı və cənub təmsilçisini məğlub yola salmağı hədəfləyib. Güzəştsiz mübarizə izləyəcəyimiz şübhə doğurmur.
Nəhayət, hesabat turuna “Bakı” – “Simurq” görüşüylə yekun vurulacaq. Sergey Yuranın rəhbərlik etdiyi “Simurq” deyəsən ilk turda olduğu kimi, bu dəfə də məğlubiyyətlə üzləşəcək. Hər halda mövsümün açılış oyununda qələbəyə həsrət qalan “zolaqlılar” ilk ev oyununda xal itirməyi arzulamır. Aleksandr Starkovun yeni formalaşdırdığı komanda 3 xal həsrətinə məhz bu qarşılaşmada son qoya bilər.
Premye Liqa
2-ci tur
13 avqust (şənbə)
Turan- Kəpəz
Hakimlər: Vüsal Əliyev, Elşən Acalov, Aleksandr Musatkin, Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Vaqif Məmmədov.
Hakim-inspektor: Orucəli Durmuşov.
Tovuz. Şəhər stadionu. Saat 18:00.
14 avqust (bazar)
Qarabağ - İnter
Hakimlər: Elçin Məmmədov, Rza Məmmədov, Namiq Hüseynov, Fuad Həsənov.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Quzanlı. Qəsəbə stadionu. Saat 18:00.
Rəvan - Neftçi
Hakimlər: Elnur Muradov, Ramiz Əsədov, Habil Əliyev, Ramil Diniyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Rüfət Hüseynov.
Bakı. "Dalğa Arena" stadionu. Saat 18:00.
Sumqayıt Şəhər - Qəbələ
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Coşqun Həsənov, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Əziz Əliyev.
Hakim-inspektor: Nüvər Xasıyev.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 18:00.
AZAL - Xəzər Lənkəran
Hakimlər: Fariz Yusifov, Mehman Mahmudov, Munis Abdullayev, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. Şüvəlan qəsəbəsi, "AZAL" stadionu. Saat 20:00.
Bakı - Simurq
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, İsgəndər Əliyev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Fazil Mürşüdov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:00.
Bombardirlər:
2 – Ceyhun Sultanov (Gəncə), Zohair Benuahi (AZAL).
