13 avqust 2011 11:36
2-ci tur. Arif Əsədovun proqnozu
“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədov Premyer Liqanın 2-ci turunun oyunları öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, komandaların şanslarını aşağıdakı kimi dəyərləndirib:
Turan – Kəpəz
Bu komandalar arasındakı görüşlər həmişə prinsipial keçib. Necə də olmasa, eyni regionun komandalarıdı. Maraqlı oyun olacaq. Hardasa, bərabər güclü komandalar qarşılaşmış olacaq. Ona görə də, heç-heçə qeydə alınacağını düşünürəm. Baxmayaraq ki, tovuzlular öz meydanlarında qələbə qazanmağa çalışacaqlar. Axı onlar ötən tur “İnter”ə də uduzmuşdular.
Qarabağ – İnter
Ağdamlılar “İnter”lə oyunun favoritidi. Çünki Qurban Qurbanovun yetirmələrinin doğma meydan amili kimi üstünlüyü var. Quzanlıda bütün komandalara çətin olacaq. Amma bu görüş Bakıda keçirilsəydi, başqa məsələ. Bu üzdən də “Qarabağ”ın qələbə qazanacağını düşünürəm. “Bankirlər” ancaq rəqibin yorğunluğundan istifadə edə bilərlər. Çünki rəqib komandanın üzvləri Avropa Liqasının, Azərbaycan yığmasının oyunlarından çıxıb. İstənilən halda “Qarabağ”ın bu matçı qazanacağını düşünürəm.
Rəvan – Neftçi
Çempionlar Liqasından sonra “Neftçi”nin bərpa olunması üçün kifayət qədər vaxtı var idi. Şübhəsiz ki, bu komanda ilk oyununda qələbə qazanmağa çalışacaq. Amma bunu etmək çox çətin olacaq. Birinci turda “Rəvan” “Kəpəz”lə oyunda özünü heç də pis göstərmədi. Digər tərəfdən “Neftçi” ötən mövsüm “Muğan”la oyunlarda çox çətinlik çəkmişdi. Nəzərə alsaq ki, “Rəvan” elə “Muğan”ın bazası əsasında formalaşıb, onda Böyükağa Hacıyevin komandasının işi çətin olacaq. Hər halda çətin də olsa, “Neftçi” qələbə qazanacaq.
Sumqayıt Şəhər – Qəbələ
Birinci turda “Qəbələ” özünü yaxşı tərəfdən göstərdi. Heyətdəki dəyişikliklər onların ancaq xeyrinə işləyib. Onlar “Bakı”ya qarşı birinci hissədə sərgilədikləri oyunu göstərsələr, debütantı asanlıqla yenəcəklər. Sumqayıt klubu doğma meydanda debüt edəcəyindən sona kimi mübarizə aparacaq. Bu görüşdə ya heç-heçə qeydə alına bilər, ya da qonaq komandanın qələbəsi. Amma inanıram ki, “Qəbələ” 3 xalı hesabına yaza biləcək.
AZAL – Xəzər Lənkəran
2-ci turun ən maraqlı oyunlarından biridi. Lənkəranlılara süni örtükdə oynamaq çətin olacaq. Cütün favoritini qeyd etmək istəməzdim. Hazırda bərabər güclü komandalardı. AZAL-da yeni baş məşqçi var. Onlar ilk turda “Simurq”u asanlıqla yendilər. Fikrimcə, heç-heçə qeydə alınacaq.
Bakı – Simurq
Paytaxt klubu Zaqatala təmsilçisi ilə oyunlarda həmişə çətinlik çəkib. Elə ötən mövsüm də “Simurq” bu komandadan az xal almadı. Amma bu mövsüm meydan sahibləri daha iddialıdı və belə bir görüşdə xal itirmək istəməyəcək. “Simurq” hələ çempionata tam hazır deyil. Bu üzdən də Starkovun komandasının qələbəsini düşünürəm. Qonaq komandaya isə sadəcə vaxt lazımdı.
