15 avqust 2011 16:56
Nasimovun atası Bakıya gəldi, oğlunun ayağı açıldı
"Neftçi" 2011/12 mövsümünə qələbə ilə başladı. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu keçirdiyi ilk oyunda "Rəvan"ı 1:0 hesabı ilə məğlubiyyətə uğratdı.
Komandanın qoluna isə hücumçu Bahodir Nasimov imza atdı. Ötən mövsüm komandanın ən yaxşı bombardiri görüşün 17-ci dəqiqəsində başla gözəl qol vurdu. Özbəkistan milli komandasının futbolçusu klubun rəsmi saytına açıqlamasında qolu atasına həsr etdiyini söyləyib:
"Valideynlərimi Bakıya dəvət etmişdim. Atam "Rəvan"la oyunu stadiondan izləyirdi. Qələbə qolunu ona həsr edirəm. Əsas 3 xalı qazanmaq idi. Çox şadam ki, baş məşqçi Böyükağa Hacıyevin rəhbərliyi altında keçirdiyimiz ilk oyunda qələbə qazandıq. Çalışacağıq ki, onun bizdən tələb etdiyi sistemə uyğunlaşaraq, bundan sonrakı görüşlərdə də yaxşı nəticə əldə edək".
Nasimov oyunun çətin keçdiyini də bildirib: "Rəvan"la oyun çox ağır oldu. Əslində, mövsümün ilk oyunları həmişə çətin keçir. Lakin bir tərəfdən də saat 18:00-da, 40 dərəcə istidə oynamaq çətinlik yaradırdı”.
Forvard "Neftçi"nin çempionluq titulunu qoruyacağına inandığını deyib: "Fikrimcə, bu mövsüm 5-6 komanda çempionluq uğrunda mübarizə aparacaq. Bununla belə, çalışacağıq ki, bütün oyunlardan xal qazanıb, çempionluq titulunu qoruyaq".
