15 avqust 2011 13:04
Bakı braziliyalı ilə 2 illik müqavilə bağladı
Artıq bir neçə gündü ölkəmizdə olan Uilson Juninyonun “Bakı”ya keçidi rəsmiləşib. Azerisport.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi paytaxt klubuyla müqavilə bağlayıb.
Anlaşmaya əsasən Juninyo qarşıdakı iki ildə “zolaqlılar”ın şərəfini qoruyacaq. Paytaxt təmsilçisi futbolçunun gəldiyi Sloveniyanın “Domzale” klubunu bu keçidə razı sala bilib.
“Bakı” Juninyo ilə müqavilə imzalasa da, onu sifariş edə bilməyib. Buna səbəb futbolçunun transfer vərəqinin gəlməməsidi. Transfer vərəqəsinin gələn həftə gələcəyi və Juninyonun 3-cü turda meydana çıxa biləcəyi deyilir.
Qeyd edək ki, tam adı Uilson Aparekido Xavyer Junior olan futbolçu 15 mart 1984-cü ildə Braziliyanın Araponqas şəhərində dünyaya gəlib. 27 yaşlı yarımmüdafiəçi gənclik karyerası ərzində ardıcıl olaraq Braziliyanın “Londrina” (1999-2001), “Fluminense” (2001), “Londrina” (2001-2004) klublarında oynayıb və 20 yaşında İtaliyanın “Chievo” komandasına icarəyə verilib (2004).
2004-cü ildə “Londrina”nın əsas komandasına cəlb olunan Juninyo 2004-2010-cu illərdə Braziliyanın “Junior Team Futebol” klubuna məxsus olub. 2004-2008-ci illərdə o, Sloveniyanın “Domzale” (103 oyun, 10 qol), 2009-da Braziliyanın “Figueirense”, 2009-2010 mövsümündə isə yenidən “Domzale” klubuna icarəyə verilib (39 oyun, 4 qol). Sloveniya klubu bu ilin əvvəlində onu transfer edib.
Juninyo “Bakı” və “Domjale” arasında keçirilən yoldaşlıq oyununda meydana çıxıb və komandamızın qapısına qol vurub.
