16 avqust 2011 15:30
Mirça Rednik XL-da siftə etdi
Premyer Liqanın 2-ci turunun AZAL-la oyununda əldə olunan böyük hesablı qələbə “Xəzər Lənkəran” üçün bır sıra maraqlı faktlarla əlamətdar olub. Azerisport.az xəbər verir ki, bu 3:0 hesablı qələbə həm cari, həm tarixi baxımdan əhəmiyyət kəsb edib.
Çünki XL cari mövsümdə çıxdığı 4-cü oyunda (2-si Avroliqa, 2-si Premyer Liqa) 1-ci dəfə böyük hesablı qələbə qazandı. Komanda sonuncu belə qələbəsini ötən mövsüm, aprelin 23-də qazanmışdı. İndi olduğu kimi, həmin vaxt da rəqib AZAL idi. 113 gün əvvəl də XL 3 cavabsız qol vursa da həmin vaxt öz meydanında qalib gəlmişdi. Bu 2 matç AZAL-la rəqabət dövründə qeydə alınan 2 böyük hesablı nəticədi.
Yeri gəlmişkən, bu, baş məşqçi Mirça Rednikin bu postda 3-cü böyük hesablı qələbəsidi. İki dəfə AZAL-ı məğlub edən Rednikli “Xəzər Lənkəran” MOİK-ə də eyni – 3:0 hesabı ilə qalib gəlmişdi.
İlk 2 fərqli qələbəni öz meydanında qazanan rumıniyalı ilk dəfə səfər darmadağınına sevindi. XL sonuncu dəfə rəqib meydanında 2009-cü il noyabrın 29-da coşmuşdu. Cənublular 623 gün öncə “Bakı” ilə səfər oyununda 3:0-a sevinmişdilər.
Premyer Liqada çıxış etdiyi 2004/05 mövsümündən bəri “Xəzər Lənkəran” hər çempionatda böyük hesablı qələbə qazanıb. Ümumilikdə isə belə qələbələrin sayı artıq 32-yə çatıb.
2004/05 – 8
2005/06 – 1
2006/07 – 6
2007/08 – 5
2008/09 – 5
2009/10 - 4
2010/11 – 2
2011/12 - 1
Cəmi - 32
Ölkə çempionatı ilə yanaşı Azərbaycan kubokunda da böyük hesablı qələbələr olub. Bu yarışda 10 dəfə “Xəzər Lənkəran” rəqibinə aman verməyib.
2005/06 – 2
2006/07 – 3
2007/08 – 3
2008/09 – 2
Bu isə o deməkdir ki, AZAL-la oyunda klub tarixinin 42-ci böyük hesablı qələbəsini qeyd edib.
(klubun rəsmi saytı)
