16 avqust 2011 00:17
Qarabağın qənimi millimizə qarşı oynamaqdan məhrum oldu
Belçikanın “Brugge” klubunun hücumçusu Byorn Fleminks yenidən Bakıya gəlməkdən məhrum olub. Azerisport.az xəbər verir ki, Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”a rəqib olan, hətta Brüggedəki ilk oyunda komandamızın qapısına vurulan qollardan birinin müəllifi olan hücumçu sıradan çıxıb.
Onun zədəsinin ciddi olduğu bildirilir. Ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacaq Fleminks komandasının Gürcüstan “Zestafo”nisi ilə pley-off mərhələsinin oyunlarında, eləcə də çempionat matçlarında forma geyə bilməyəcək.
Belə olan halda onun Belçika yığmasına da çağırılmayacağı dəqiqləşib. Qeyd edək ki, AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqibi olan Belçika sentyabrın 2-də Bakıda Azərbaycanın qonağı olacaq.
