16 avqust 2011 12:50
Neftçi, Qarabağ və Kəpəzin cəzaları açıqlandı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 2-ci turunun oyunlarında baş verən olaylarla bağlı aşağıdakı qərarlar qəbul edilib:
Premyer Liqanın 2-ci turunun “Turan” – “Kəpəz” matçının 65-ci dəqiqəsində meydançaya “Kəpəz” klubunun azarkeşləri tərəfindən atılmış kənar əşya (daş) yan xətt hakiminə dəyərək oyunun 6 dəqiqə dayanmasına səbəb olub. Yuxarıda göstərilənləri nəzərə alaraq “Kəpəz” klubu 2000 manat cərimə olunub. “Turan” klubu ev oyunlarında ictimai təhlükəsizliyin maksimum dərəcədə qorunması üçün lazimi tədbirləri gücləndirsin. “Kəpəz” klubu azarkeşlərinin Premyer Liqa matçlarında davranışı ilə bağlı müvafiq tədbirlər görsün, əks halda analoji hadisənin təkrarlanacağı təqdirdə kluba qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək.
“Rəvan” – “Neftçi” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 90+2-ci dəqiqəsində “Neftçi” klubunun futbolçusu Alessandro Viana Da Silva kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Qarabağ” – “İnter” matçının 73-cü dəqiqəsində meydançaya “Qarabağ” klubunun azarkeşləri tərəfindən kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
