17 avqust 2011 10:55
La Liqanın birinci turu təxirə salındı
İspaniya La Liqasının startı yenidən təhlükə qarşısına düşüb. Azerisport.az xəbər verir ki, buna səbəb İspaniya Futbolçular Dərnəyi (AFE) ilə Peşəkar Futbol Liqası (LFP) arasında anlaşmanın əldə olunmamasıdı.
İki qurum arasında bu gün keçirilən görüşdən sonra mətbuata qısa açıqlama verən Peşəkar Futbol Liqasının prezidenti Joze Luis Astiazaran anlaşmanın əldə olunmadığını bildirib: "Anlaşma əldə olunmadı. Futbolçular Dərnəyi bu həftə üçün tətil qərarını davam etdirir. Cümə günü yenidən görüşəcəyik və lazım olsa bütün həftəsonu danışıqlar davam edəcək".
Qeyd edək ki, tərəflər maliyyə böhranında olan və qanuni yardım alan 7 klubun futboçlulara 58 milyon avrodan artıq borcun ödənməsi məsələsində anlaşa bilmir. AFE qanuni yardım alan maliyyə böhranındakı klubların futbolçularına ayrılan 10 milyon avroluq vəsaitin az olduğunu iddia edir. Maaşlarını ala bilməyən futbolçular üçün yaradılan bu fondun maliyyə mənbələrinin artırılması tələb olunur.
İker Kasilyas, Karles Puyol, Xavi Hernandes kimi bir çox məşhur futbolçularla yanaşı AFE üzvü olan yüzlərlə oyunçu maaşlarını ala bilməyən həmkarlarının hüquqlarını təmin etmək üçün tətilə dəstək verir.
Bu vəziyyətdə La Liqanın startı təhlükə altına düşüb. 20 avqustda start götürməsi planlaşdırılan, amma tətil səbəbindən başlamayan 1 və 2-ci liqaların 1 həftə də yubadılması mümkündü.
