17 avqust 2011 00:27
“İnter öz oyunu ilə bizdən güclü olduğunu təsdiqlədi”
Qazaxıstanın “Aktau” klubunun 10 yaşlı komandasının baş məşqçisi Maksim Melnikov Bakıda "İnter"ə qarşı keçirdikləri yoxlama matçından sonra paytaxt klubunun rəsmi saytına müsahibə verib. Azerisport.az xəbər verir ki, Melnikov müsahibəsində səfərlərinin məqsədi, “İnter”lə keçirilən yoldaşlıq görüşü və Qazaxıstanda uşaq-yeniyetmə futbolundakı vəziyyət haqda danışıb:
- Öncə Azərbaycana səfərinizin hansı məqsəd daşıdığını bilmək istərdik?
- Deyim ki, komandamız çox gəncdi, cəmi 1 ildir fəaliyyət göstərir. Bakıya təcrübə toplamaq məqsədilə gəlmişik. Mahiyyət etibarilə ölkələrimiz qonşudurlar və ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etməsini istərdik. Bizim hardasa futbol sahəsində təcrübənin mənimsənilməsinin yaxşılaşmasını arzulayırıq.
- Məktəbinizin fəaliyyəti barədə nə deyə bilərsiniz?
- İdman məktəbimizdə müxtəlif yaş kateqoriyalı futbol komandaları var. Daimi yarışlar keçirilir. Bundan başqa, ölkə xaricinə də gedirik. Xüsusi olaraq qeyd etmək istərdim ki, bu il 1995 və 1997-ci il təvəllüdlü futbolçulardan ibarət komandalarımız Qazaxıstan çempionatında 3-cü yerləri tutublar.
- Rəhbərlik etdiyiniz komanda “İnter”in 10 yaşlı komandası ilə yoldaşlıq matçı keçirdi. Baxmayaraq ki, böyük hesablı məğlubiyyətə uğradınız, komandanız sonadək mübarizə apardı. Matç barədə fikirlərinizi bilmək istərdik...
- Bizim çox sayda çatışmazlıqlarımız var, onlar üzərində çox işləmək lazımdı. Məhz belə matçlar sayəsində hər bir oyunçu artırır və səviyyəcə yüksəlir. “İnter” bizdən daha güclüdü və oyun da bunu təsdiqlədi. Yaxşı komandanız var, bütün futbolçuların hər biri özüməxsus şəkildə yaxşıdı.
- Qazaxıstanda uşaq-yeniyetmə futbolunun vəziyyəti barədə bilmək istərdik...
- Bizdə futbolçuların yetişdirilməsinə böyük diqqət ayrılır. Uşaq futboluna lazımi maliyyə vəsaitləri yatırılır. Əsas çatışmazlıqlardan biri lazımi səviyyədə infrasrtukturun olmamasıdı.
