17 avqust 2011 00:34
Galatasaray daha bir ulduzu rəsmən heyətinə qatdı
Emmanuel Ebuenin Türkiyənin “Galatasaray” klubuna keçidi rəsmiləşib. Azerisport.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı xəbər yayıb.
Rəsmi saytın bununla bağlı açıqlamasında bildirilir ki, “Arsenal”ın Kot-D`İvuardan olan futbolçusu ilə 4 illik müqavilə imzalanıb. Müqavilə 2011-2012 mövsümündən başlayacaq və 2015-2016 mövsümündə bitəcək. Bu keçidə görə "Arsenal"a 3,5 milyon avro ödənəcək. Ebuenin özünə isə 2011-2012 və 2012-2013 mövsümlərinin hər biri üçün 2,5 2013-2014 və 2014-2015 mövsümlərinin hər biri üçün isə 2,2 milyon avro maaş veriləcək. Hər mövsüm isə Ebue 10 min avro matçbaşı alacaq. Beləliklə, matçbaşı istisna olmaqla, "Galatasaray" "Arsenal"lı futbolçu üçün 4 ildə ümumilikdə 12,9 milyon avro xərcləmiş olacaq.
Qeyd edək ki, 28 yaşlı Ebue 2001-2002 mövsümündə Kot-D`İvuarın "Mimosas" (25 oyun, 3 qol), 2002-2004-cü illərdə Belçikanın "Beveren" (70 oyun, 4 qol), 2005-2011-də isə İngiltərənin "Arsenal" (132 oyun, 5 qol) klublarında çıxış edib. 61 dəfə yığma komandanın formasını geyinən futbolçu 2 qola imza atıb.
