17 avqust 2011 00:41
Bakı İnterinin baş məşqçisi əsas problemlərini açıqladı
"İnter"in 10 yaşlı komandasının baş məşqçisi Rövşən Babayev klubun rəsmi saytına müsahibə verib. Azerisport.az xəbər verir ki, o, söhbətində əsasən Qazaxıstanın "Aktau" klubunun müvafiq yaş qrupundan ibarət komandaya qarşı keçirilən yoldaşlıq görüşü və planları haqda danışıb:
- İlk öncə oyun barədə nə deyə bilərsiniz?
- Almaniyada iyun ayında keçirilən turnirdən sonra komandamız yay tətilinə çıxdı. Bir az olardı ki, məşqlərə başlamışdıq "Aktau" ilə yoldaşlıq oyununun keçirilməsi barədə təklif aldıq. Oyunun nəticəsindən və keyfiyyətindən razı qaldım. Görünürdü ki, oyunçular yay tətilini yaxşı keçiriblər və istirahətdən başqa məşqçi heyətinin tapşırıqlarını fərdi şəkildə yerinə yetiriblər.
- Fasilədə meydançaya yeni oyunçular buraxdınız. Yeni mövsümdə komandanızın heyətində yeni istedadlar görə biləcəyikmi?
- Biz yerimizdə oturmamağa, seleksiya işilə məşğul olmağa çalışırıq. Fəal şəkildə yeni istedadlı uşaqlar axtarırıq. Fasilədən sonra meydançaya yeni futbolçular çıxdılar və onlardan ikisi - İkram Həsənli və Nicat Əliyev kifayət qədər inamlı oyun sərgilədilər.
- Almaniyaya səfəri xatırladınız. Yeni mövsümdə komandanız hər hansı bir beynəlxalq turnirdə iştirak edəcəkmi?
- Ötən mövsüm biz Almaniya və Rusiyada keçirilən 2 turnirdə iştirak etdik. Sevindirici haldı ki, hər iki turniri uğurla başa vurduq və vətənə medallarla qayıtdıq. Bu mövsüm bir çox belə turnirlərdə iştirak etməyi planlaşdırırıq. Belə ki, minimum 4 turnirə qatılmağı düşünürük. Uşaq futbolunun inkişafı üçün lazımi şəraiti yaratdığına görə “İnter”in rəhbərliyinə təşəkkürümü bildirirəm. “İnter”in məşqçi heyəti də bu qayğını doğrultmaq üçün əlindən gələni əsirgəmir və uşaq futbolunu fəal şəkildə inkişaf etdirir.
- Sizin problemlərinizdən biri 2001-ci il təvəllüdlü futbolçular arasında çempionatın keçirilməməsidi. Daimi oyun keçirmədən oyunçularınızın formasını necə saxlayırsınız?
- Bəli, çempionatın keçirilməməsi əsas problemimizdi. Oyun praktikasını saxlamaq üçün ötən mövsüm 1 yaş böyük olan komandaların mübarizə apardıqları “Sabahın ulduzları” turnirində iştirak etdik. Bundan başqa, tez-tez ölkəmizin müxtəlif rayonlarına səfər edirik və yerli komandalarla görüşlər keçiririk.
