18 avqust 2011 13:28
“AZAL Qəbələdən 3 xalla dönməlidi”
AZAL-ın yarımmüdafiəçisi Branislav Arsenyeviç azerisport.az saytına müsahibəsində komandasının “Xəzər Lənkəran”a 0:3 hesablı yenilgisindən, eləcə də qarşıdan gələn “Qəbələ” ilə oyundan danışıb.
“Lənkəranlıların çox yaxşı və güclü komandası var. Cənublular bizimlə oyunda çox yaxşı oynadılar. Ümumiyyətlə, düzünü desək bizdən xeyli yaxşı görünürdülər. Məhz bunun nəticəsində də qapımıza 3 cavabsız qol vura bildilər” – deyə Arsenyeviç XL qarşısında aldıqları darmadağını şərh edib.
O, bu məğlubiyyətin əsas səbəblərindən danışarkən bunları dilə gətirib: “Biz bəzi epizodlarda qapalı oyuna üstünlük verdik. Düşünürəm ki, yenilgiyə əsas səbəb öz qapımıza sığınmağımız oldu. Nəticədə rəqib demək olar ki, oyunda bütün üstünlüyü ələ aldı. Bu da sonda öz sözünü nəticədə dedi. Bütövlükdə, çoxlu səhvlərə yol verdik ki, darmadağın da qaçılmaz oldu”.
Futbolçu “Qəbələ” ilə oyunda da çətinliklərinin az olmayacağını düşünür: “Artıq əlimizdən gələni etməliyik ki, “Xəzər Lənkəran”la oyundakı səhvlərimiz “Qəbələ” ilə görüşdə təkrarlanmasın. Toni Adamsın sərəncamında çox güclü futbolçular var. Bizim işimiz heç də asan olmayacaq. Amma qarşımızda duran vəzifə də məlumdu. Biz Qəbələdən 3 xalla dönməliyik. Əminəm ki, bütün çatışmazlıqlarımızı qısa müddət ərzində aradan qaldıra biləcəyik. Qarşıdakı oyunlara ciddi köklənmək lazımdı”.
Arsenyeviç Azərbaycan çempionatı ilə bağlı düşüncələrini də bölüşüb: “Xəzər Lənkəran”la matç mənim Azərbaycan çempionatında ikinci oyunum idi. Gördüyüm qədərilə güclü çempionatdı, yaxşı komandalar var, artıq xeyli favorit klublar var. Bütövlükdə, ilkin təəssüratlarım yaxşıdı”.
O, öz çıxışını da dəyərləndirib: “Hələlik, öz oyunumdan narazıyam. Amma daha yaxşı oynaya bilərəm. İstənilən halda inanıram ki, yaxın müddətdə həm komandamızın, həm də mənim oyunum yaxşılığa doğru dəyişəcək”.
