18 avqust 2011 14:10
Araz Abdullayev PAOK-a keçir
Yunanıstanın PAOK klubu Azərbaycan yığmasının və İngiltərənin “Everton” klubunun yarımmüdafiəçisi Araz Abdullayevi heyətinə qatmağa hazırlaşır. Azerisport.az xəbər verir ki, yunanlar həmyerlimizi İngiltərə klubundan icarəyə götürmək istəyirlər.
Məsələ burasındadı ki, Araz üçün İngiltərədə işçi vizasının açılmasında problem yaranıb. Bu üzdən də “Everton” “Neftçi”dən aldığı yeni transferinin xidmətindən yararlana bilmir. Arazın sözügedən işçi vizasını qazanması üçün isə ən azı milli komandamızın son bir ildəki oyunlarının 75 faizində meydana çıxması vacibdi.
Qeyd edək ki, bu yay “Everton”un düşərgəsinə yollanan Araz sadəcə bu komandanın gənclərdən ibarət heyəti ilə Moskvada təşkil olunan Lev Yaşinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak etdi. Lakin o, komandanın əvəzedicilərinin heyətindəki çıxışı ilə İngiltərə mətbuatından xeyli tərif də qazanmış oldu. Buna baxmayaraq, Arazın İngiltərə çempionatında oynaması hələ ki, mümkünsüzdü.
Bu üzdən də PAOK-dan gələn təklifə açıq olan “Everton” rəhbərliyi futbolçusunu icarəyə verməyə hazırlaşır. Tərəflər arasında hazırda danışıqlar hedir. İcarə müddətinin nə vaxta qədər olacağı da danışıqların yekununda bilinəcək.
Sonda onu da vurğulayaq ki, PAOK-u hazırda rumıniyalı mütəxəssis Laslo Boloni çalışdırır. Komanda son mövsümdə üçüncü yeri tutaraq Avropa Liqasında çıxış etmək şansı qazanıb. Avroliqanın üçüncü təsnifat mərhələsində bu komanda Norveç “Valerenga”sını həm evdə, həm də səfərdə məğlub edib (3:0, 2:0). Pley-offda isə bu komandanın rəqibi Ukraynaın “Karpatı” klubudu.
PAOK ikiqat Yunanıstan çempionu, dördqat ölkə kubokunun qalibidi.
