18 avqust 2011 14:54
Qarabağ itirə-itirə gedir
Premyer Liqanın 3-cü turu çərçivəsində "Kəpəz"lə qarşılaşacaq "Qarabağ" səfər oyununa Bakıda hazırlaşır. Azerisport.az xəbər verir ki, Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda gündə 1 dəfə olmaqla keçirilən hazırlıq prosesinə komandanın zədəli futbolçuları qatılmır.
Türkiyədə müalicəsini davam etdirən Vüqar Nadirovdan savayı, dizində ağrı olan Emin İmaməliyev də hazırlıqlarda iştirak etmir. "İnter"lə oyunda ciddi zədə alan müdafiəçi Zaur Həşimovun isə ay yarım meydanlardan uzaq qalacağı bildirilir. Tibbi müayinə nəticəsində Z.Həşimovda əzələ yırtılması və diz bağlarında qopma aşkarlanıb.
Qeyd edək ki, digər zədəli futbolçuların - Nderim Nedzipi, Rəşad Sadiqov, Maksim Medvedev və Əfran İsmayılovun bazar günü keçiriləcək oyunda iştirakına isə məşqlərdən sonra aydınlıq gələcək.
