18 avqust 2011 16:43
Namiq Yusifov: Bu istər-istəməz hazırlığımıza təsir göstərir
“Qarabağ” bazar günü “Kəpəz”lə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, Gəncədə baş tutacaq qarşılaşmaya komanda hər gün bir məşqlə hazırlaşır.
Ağdam təmsilçisinin orta sahədəki əsas oyunçularından Namiq Yusifov oyunöncəsi son durumu və rəqibi dəyərləndirib: “Məlum olduğu kimi “Kəpəz”lə oyuna çoxsaylı itkilərlə hazırlaşırıq. Bu da istər-istəməz hazırlığımıza təsir göstərir. Amma inanıram ki, “Kəpəz”lə oyuna çıxan futbolçular bu boşluğu aradan qaldıracaq. Meydana çıxanlar ən yaxşısını edəcəklər. Konkret kimisə fərqləndirmək düzgün olmazdı. Bizdə meydana kim çıxırsa, son damlasına kimi mübarizə aparır. Axı, rəqibimiz də yetərincə vuruşan komandadı. Evdə güclü azarkeş dəstəyi ilə oynayacaqlar. Keçən il də onlarla oyunumuz çətin alınmışdı. “Turan”a uduzduqlarına görə məğlubiyyəti unutdurmaq istəyəcəklər. Həm də demək olar ki, Premyer Liqada zəif komanda qalmayıb. İlk 2 turdakı nəticələr də bunu göstərir. Oyun tarix baxımından da maraqlıdı. “Qarabağ” – “Kəpəz” oyunu həmişə maraqlı olmasıyla yadda qalıb. İnanıram ki, sonda sevinən tərəf biz olacağıq”.
