18 avqust 2011 17:50
Premyer Liqanın 2-ci turunun ən gözlənilməz nəticəsi müəyyənləşdi
Premyer Liqanın 2-ci turunun oyunları arasında nəticəsi daha çox təəccüb doğuran qarşılaşma müəyyənləşib. Azerisport.az xəbər verir ki, buna saytımızda apardığımız sorğuya qatılan oxucularımız aydınlıq gətiriblər.
Onların fikrincə, son turun ən gözlənilməz nəticəsi “Bakı” – “Simurq” oyununda qeydə alınıb. Görünür, autsayder Zaqatala klubunun Bakıdan 1 xalla dönəcəyinə (0:0) çoxları inanmırmış. Hər halda sorğuya qatılanların 43 faizi məhz bu varianta səs verib.
Respondentlərin 30 faizi isə “AZAL” – “Xəzər Lənkəran” matçının nəticəsinin gözlənilməz olduğunu hesab edir. Hər halda “təyyarəçilər”in yeni mövsümlə bağlı iddiaları ilə “ağ-yaşıllar”a evdə 0:3 hesabıyla məğlubiyyət üst-üstə düşmürdü.
Digər qarşılaşmaların (Turan - Kəpəz, Qarabağ – İnter, Sumqayıt Şəhər - Qəbələ və Rəvan – Neftçi oyunlarının nəticələri ilə bağlı hansısa gözlənilməzlik olduğunu düşünənlərin sayı elə də çox deyil.
