19 avqust 2011 00:12
Fenerbahçe Daniel Quizanı nəhayət ki, satdı
Türkiyənin “Fenerbahçe” klubu ispaniyalı hücumçu Daniel Quiza ilə yollarını nəhayət ki, ayırıb. Azerisport.az xəbər verir ki, az qala İstanbul klubuna gələn gündən nəinki “sarı-lacıvərdli”, hətta digər türkiyəli futbolsevərlərin də xoşlamadığı bu hücumçu yenidən İspaniya çempionatına qayıtmalı olub.
“Fenerbahçe” rəsmi saytı vasitəsilə yaydığı xəbərdə Quizanın La Liqa təmsilçilərindən “Getafe” ilə anlaşdığını təsdiqləyib. Türkiyə klubu son üç mövsümdə bu komandanın formasını geymiş futbolçuya təşəkkürünü bildirib və ona yeni iş yerində uğurlar arzulayıb.
Xatırladaq ki, Quiza 2008/2009 mövsümündə “Mallorca”dan transfer edilmişdi. O, bu müddət ərzində keçirdiyi 62 oyunda 23 qola imza atıb.
