19 avqust 2011 14:05
XL – Turan matçında yubiley və debüt gözləntisi
Bu şənbə “Xəzər Lənkəran” Premyer Liqanın 3-cü turu çərçivəsində növbəti oyununa çıxacaq. Azerisport.az xəbrə verir ki, komanda doğma arenada Tovuzun “Turan” klubunu qəbul edəcək.
Geridə qalan iki tur ərzində hər iki komanda öz meydanında keçirdiyi oyunlarda qələbə qazanıb. Lakin rəqib meydanında “Xəzər Lənkəran” AZAL-a qalib gəldiyi halda, “Turan” “İnter” səfərindən minimal məğlubiyyətlə dönüb. Ötən tur isə həm XL, həm də “Turan” üç qol vurmağa nail olub.
Bu oyun “Xəzər Lənkəran”ın “Turan”a qarşı evdə səkkizinci oyunu olacaq. Geridə qalan yeddi oyunun altısında meydan sahibləri qalib gəlib. Yalnız bir dəfə komandalar Lənkəranda xalları yarı bölüb – 2006/2007 mövsümündə qolsuz heç-heçə qeydə alınmışdı.
Qazanılan altı qələbənin beşi isə “quru hesab”la əldə edilib. 2009/2010 mövsümündə keçirilən oyunda “Xəzər Lənkəran” 2:1 hesabı ilə qalib gəlib və qapısında qol görüb. Bu isə o deməkdi ki, yeddi il ərzində “Turan” yalnız bir dəfə Lənkəranda fərqlənməyi bacarıb. Ən böyük qələbə isə 2008/2009 mövsümünə aiddi – 5:0.
Ötən həftə Şüvəlanda debüt oyununa çıxan Deyan Rusiçə bu tur bir neçə yeni oyunçu da qoşula bilər. Branimir Subaşiç, Antonio Semedo, Zahid Quliyev və Habil Nurəhmədov “Turan”a qarşı oyunda ilk dəfə “Xəzər Lənkəran”ın formasını geyə bilərlər.
Komandanın heyətində ən çox görüş keçirmiş Alim Qurbanov bu tur meydana çıxarsa bu onun “Xəzər Lənkəran” formasında 170-ci oyunu olacaq. (XL-ın rəsmi saytı)
