19 avqust 2011 19:15
Premyer Liqanın 3-cü turu da qalmaqalla start götürdü
Premyer Liqanın 3-cü turu da qalmaqalla başlayıb. Azerisport.az xəbər verir ki, Qəbələdə şəhərin eyniadlı komandası ilə AZAL arasında keçirilən oyunda qalmaqal baş verib.
Buna səbəb AZAL-ın qolunun sayılmaması olub. Belə ki, AZAL-ın futbolçusu Kristian Ruis qol vurarkən əllə oynayıb. Matçın baş hakimi Əliyar Ağayev əvvəlcə qolu qeydə alsa da, sonradan ləğv edib.
Bu da AZAL-ın ciddi narazılığına səbəb olub. Hətta Bakı klubunun vitse-prezidenti Fikrət Hüseynov meydana daxil olaraq, hakimlə mübahisə edib. Nəticədə oyunda ən azı 4-5 dəqiqəlik fasilə yaranıb. Futbolçular arasında yaranan gərginlik zamanı isə yerli fanatlar qonaq futbolçuları daşa basıblar. Onları isə baş məşqçi Toni Adams sakitləşdirib.
