19 avqust 2011 11:28
3-cü tur: Yunis Hüseynovun proqnozu
“Karvan”ın sabiq baş məşqçisi Yunis Hüseynov azerisport.az saytı üçün futbol üzrə Azərbaycan Premyer Liqasının 3-cü turunun oyunları ilə bağlı proqnozlarını açıqlayıb.
Qəbələ - AZAL
“Qəbələ”nin “Bakı” ilə ev oyununa baxmışdım. Onların həmin oyundakı çıxışı mənim xoşuma gəlmişdi. Ötən mövsümlə müqayisədə Toni Adamsın komandası güclənib. Öz oyun üslubları var. AZAL-a gəlincə, bu komanda Zaqatalada “Simurq”a asanlıqla qalib gəldi. Düzdü, ötən tur “Xəzər Lənkəran”la oyunda özləri eyni hesabla uduzsalar da, hər halda pis təsir bağışlamadılar. Maraqlı oyun olacaq. AZAL həmin darmadağından sonra özünü doğrultmağa çalışacaq. Elxan Abdullayevin gəlişindən sonra müəyyən dəyişikliklər var. Amma “Qəbələ”nin qələbəsinə daha çox inanıram.
Simurq – Rəvan
Gərgin oyun olacaq. Hər iki komanda yeni mövsümə uğursuz başlayıb. İki komanda iki tura cəmi 1 xal toplaya bilib. “Bakı” ilə oyunda aşkar görünürdü ki, Zaqatala klubu heç-heçə üçün oynayır. “Rəvan”ın oyunu xoşuma gəlir. Bu komanda qısa ötürmələrlə çox yaxşı oynayır. Fikrimcə, “Rəvan” səfərdə qələbə qazanacaq.
Xəzər Lənkəran – Turan
Bir qapıya oyun gedəcəyini düşünmürəm. Lənkəranlılar ilk turda “Sumqayıt Şəhər”ə iki qol vurduqdan sonra arxayınlaşıb 1 top buraxdı. Amma bu dəfə elə olmayacaq. Çünki “Turan” elə sıradan bir komanda deyil. Onlar rəqibə arxayınlaşmağa imkan da verməyəcəklər. Əsgər Abdullayev döyüşkən kollektiv yaradıb. Onlar bu mövsüm hamı üçün başağrı olacaqlar. “Xəzər Lənkəran”ın qələbəsini görürəm. Amma bu, meydan sahiblərinə çox çətin başa gələcək.
İnter – Bakı
Şübhəsiz ki, turun mərkəzi oyunudu. “Bakı” hələ öz ideal formasından uzaqdı. Onlara hələ vaxt lazımdı. “İnter”ə gəlincə, onlar bu mövsüm yerli, gənc futbolçulara oynamaq şansı verməyə başlayıblar. Bu görüşdə nə baş verəcəyini öncədən demək çox çətindi. İlk iki turdakı heç-heçələrdən sonra “zolaqlılar” 3 xalla da tanış olmaq istəyirlər. Amma “İnter”in bu görüşdə qələbəyə daha yaxın olduğunu düşünürəm.
Neftçi – Sumqayıt Şəhər
“Neftçi” şübhəsiz ki, bu oyunun favoritidi. Bakılılar qələbə qazanacaq. “Ağ-qaralar”ın bəzi futbolçuları da Sumqayıt klubunda çıxış edir. Bu, oyundakı intriqanı daha da artıracaq. Ümumiyyətlə, sumqayıtlıların heyətindəki bütün gənc futbolçular belə komandalarla oyunlarda özlərini göstərməyə çalışırlar.
Kəpəz – Qarabağ
Bu komandalar arasındakı mübarizələr həmişə gərginliyi ilə seçilib. “Kəpəz” heç kimə asanca xal verən komanda deyil. Xüsusilə də öz meydanında. Bu görüşdə heç-heçəyə üstünlük verirəm.
