20 avqust 2011 21:55
Əsgər Abdullayev: XL həqiqətən yaxşı təsir bağışladı
“Turan”ın baş məşqçisi Əsgər Abdullayev Premyer Liqanın 3-cü turunun “Xəzər Lənkəran”la səfər oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Tovuz klubunun çalışdırıcısı komandasının Lənkəranda 1:3 hesabıyla məğlub olduğu görüşdən sonra bunları dilə gətirib:
“Biz birinci hissədə yaxşı oynadıq. Amma fasilədən sonra həmin oyunu göstərə bilmədik. Sadəcə “Xəzər Lənkəran” həqiqətən yaxşı təsir bağışladı. Meydan sahiblərini bu qələbə münasibətilə təbrik edirəm. Bizə isə sadəcə 3-cü turun oyununu gözləmək və ona hazırlaşmaq qalır. Bu gün "Xəzər Lənkəran” hər bir elementdə bizdən üstün idi. Ona görə də bizdən yaxşı oyun nümayiş etdirdilər. “Turan” isə yeni formalaşan komandadı. Oyunçuların eyni vaxtda heyətə cəlb olunmaması, seleksiya işini tam başa vura bilməməyimiz, futbolçularda fiziki durumun yaxşı olmaması və meydançanın pis vəziyyətdə olması “Xəzər Lənkərana” qarşı istədiyimiz oyunu oynamağımıza mane oldu. Amma çatışmamazlıqları aradan qaldırmağa çalışacağıq. Əvvəlcədən bilirdim ki, bizim üçün ağır oyun olacaq. “Xəzər Lənkəran” çox hərəkətli komandadır. Mirça Redniki də belə komanda yarada bildiyinə görə təbrik edirəm”.
