20 avqust 2011 23:25
Premyer Liqamızda rüsvayçılıq! (YENİLƏNİB)
Premyer Liqanın 3-cü turunun daha bir matçında dava düşüb. Azerisport.az xəbər verir ki, “Şəfa” stadionunda keçirilən “İnter” – “Bakı” qarşılaşmasının son dəqiqələrində ara qarışıb.
Belə ki, Georgi Lomaya topa tullanarkən təpiyi Nurlan Novruzovun sinəsinə dəyib. Bu zaman hakim Ramil Diniyev Lomayaya qırmızı vərəqə göstərib və “İnter”in qapısına ikinci penaltini təyin edib. Bu zaman stadionda ara qarışıb. “İnter”in prezidenti Georgi Nikolov və məşqçiləri meydana çıxıb, futbolçular arasında gərginlik yaranıb, PFL-in mühafizə xidməti araya girib. Nikolov “İnter”i meydandan çıxarıb. Kaxaber Tsxadadze polisin üstünə yeriyib.
Hakimlər oyunun yarımçıq dayandırılmasına qərar verib. Son anda "Bakı" meydana çıxaraq azarkeşlərini alqışlayıb. Beləliklə, penalti zərbəsi yerinə yetirilmədən oyun dayandırılıb. Olayla bağlı AFFA İntizam Komitəsi qərar verəcək. Böyük ehtimalla “İnter” texniki məğlubiyyət alacaq və cərimə ediləcək.
"Şəfa" stadionunda hələ də sabitlik bərpa olunmayıb. "İnter"in rəhbərliyi, məşqçiləri və futbolçuları paltardəyişmə otağında hakimlərə hücum çəkib. Tərəflər arasında mübahisə davam edir.
"İnter"in baş məşqçisi Kaxaber Tsxdadze "Bakı"nın çalışdırıcısı Aleksandr Starkovu söyüb. Bu iki komandanın rəsmiləri arasında davanın qızışmasına səbəb olub.
Stadion kənarında təhlükəsizlik gücləndirilib. Arenaya əlavə polis qüvvələri gətirilib.
