21 avqust 2011 02:11
Millimizin üzvü oynadı, Volqa qələbə qazandı
Azərbaycan U-19 yığmasının üzvü Şamil Qurbanov Rusiyanın “Volqa” klubunun əvəzedicilərinin heyətində növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, o, “Kuban”la səfər qarşılaşmasının iştirakçısı olub.
Baş məşqçi Maqomed Adiyev millimizin müdafiəçisinə ilk dəqiqələrdən şans verib. Qurbanov matçı əvəzedilmədən keçirib. Qarşılaşmaya gəlincə, Nijni Novqorod təmsilçisi artıq matçın 53-cü dəqiqəsində 3:0 hesabıyla öndə olub. Yalnız 90+4-cü dəqiqədə 1 qol buraxan qonaqlar növbəti 3 xala sahib çıxıblar.
Görüşdən sonra baş məşqçi Adiyev yaxşı oyununa görə fərqləndirdiyi futbolçular arasında millimizin üzvünün də adını xüsusi vurğulayıb. Qeyd edək ki, “Volqa”nın əsas heyətində Azərbaycanın əsas millisinin hücumçusu Vaqif Cavadov da forma geyir.
