21 avqust 2011 22:50
Cavadov yenə "fərqləndi", Volqa 5 qol buraxdı (YENİLƏNİB)
Bu gün Rusiya Premyer Liqasında 21-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovun şərəfini qoruduğu “Volqa” səfərdə “Kuban”la qarşılaşıb.
Qeyd edək ki, həmyerlimizin komandasının durumu heç də yaxşı deyil. Çünki 16 komanda arasında 13-cü pillədə qərarlaşan Nijni Novqorod klubu təhlükəli zonadan uzaqlaşmağa çalışırdı. Lakin Dmitri Çerışevin rəhbərlik etdiyi kollektiv məğlubiyyətləri sıralamaqda davam edir.
Son iki oyunda sonradan meydana çıxan Cavadovun bu dəfə də oynayacağı istisna olunmurdu. Çünki baş məşqçi həmyerlimizə yenə ehtiyat oyunçular arasında yer vermişdi. Komandasının yenik duruma düşməsindən az sonra - 27-ci dəqiqədə Çerışev Cavadovu meydana buraxıb.
İlk yarıda Vaqif demək olar ki, heç nə ilə komandasına kömək edə bilməyib. O, hansısa ciddi bir epizod da yarada bilməyib.
Elə ikinci hissədə də həmyerlimiz nə iləsə yadda qalmayıb. Yalnız 74-cü dəqiqə kobudluğa görə sarı vərəqə almağa "nail olub". Bu, onun "Volqa"da ikinci "sarısıdı". Vaqifin komandası isə 5 cavabsız qol buraxaraq, biabırçı yenilgi ilə üzləşib.
Rusiya Premyer Liqası
21-ci tur
21 avqust
Kuban – Volqa - 5:0 (2:0)
Qol: Traore, 20; 45+1, Bukur, 54, Komkov, 71, Davıdov, 89.
