22 avqust 2011 14:04
Qəbələ Hibernianın qapıçısını ölkəmizə gətirdi
“Qəbələ” Şotlandiyanın “Hibernian” klubunun qapıçısı Qrem Smiti heyətinə qatır. Azerisport.az xəbər verir ki, artıq bir neçə aydı Toni Adamsın komandasının transfer gündəmində olan bu oyunçu ilə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.
Sözügedən oyunçu artıq ölkəmizə gəlib. Smitin transferi ilə bağlı qəti qərar verə bilməyən bölgə təmsilçisi bu günlərdə qapıçılarından birini – Anar Nəzirovu “Turan”a icarəyə verdikdən sonra fikrini qətiləşdirib. Məhz bundan sonra britaniyalı qapıçı ölkəmizə dəvət olunub. Hazırda müqavilənin detalları müzakirə olunur və tezliklə bu keçid həllini tapacaq.
Qeyd edək ki, bu qapıçının 28 yaşı var. Karyerasının böyük hissəsi məhz elə “Hibernian”la bağlıdı. 1983-cü ildə anadan olan futbolçu “Rangers”in yetirməsi olsa da, bu komandada demək olar ki, oyun keçirməyib. Əvəzində müxtəlif dövrlərdə “Ross County”, “Motherwell”, “Brighton & Hove Albion” kimi klublarda çıxış edib. Toni Adams bu qapıçını İngiltərədə keçirilən təlim-məşq toplanışında sınamış və bəyənmişdi.
Hazırda “Qəbələ”nin əsas qapıçısının Pavel Doroşev olduğunu da qeyd edək.
