22 avqust 2011 16:01
UEFA Arsen Vengeri və komandasını cəzalandırdı
UEFA Nizam İntizam Komitəsi İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Arsen Vengeri cəzalandırıb. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis avrokubokların iki oyununu buraxmalı olacaq.
Buna səbəb onun İtaliyanın “Udinese” klubu ilə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu zamanı qitə futbol qurumunun tələblərini yerinə yetirməməsi olub. O, cəzalı olsa da, avqustun 16-da Londonda keçirilən ilk oyunda texniki zonaya yaxın yer alıbmış və futbolçularına lazımı göstərişləri verirmiş.
Bu üzdən də UEFA onu daha iki oyunluq cəzalandırıb. Nəticədə Venger “Udinese” ilə cavab oyununu tribunadan izləməli olacaq. O, eyni zamanda digər avrokubok oyununda da oxşar aqibəti yaşayacaq.
Belə qanun pozuntusuna yol verdiyinə görə, “Arsenal” da UEFA tərəfindən 10 min avroluq cəriməyə məruz qalıb.
Xatırladaq ki, Venger ötən mövsüm "Barcelona" ilə ÇL-in 1/8 final mərhələsindəki cavab görüşündə hakimləri təhqir etdiyinə görə bir oyunluq diskvalikasiya olunmuşdu.
