22 avqust 2011 11:18
Branimir Subaşiç: Neftçi də istisna deyil
“Xəzər Lənkəran”ın yeni, Azərbaycan millisinin sabiq hücumçusu Branimir Subaşiç azerisport.az saytına müsahibəsində “Turan”la oyundakı debütündən, eləcə də hədəflərindən danışıb.
- “Xəzər Lənkəran”dakı debütünüz möhtəşəm alındı – “Turan”la oyunda dubla imza atdınız...
- Çox şadam ki, yeni klubumdakı debüt matçım belə uğurlu alındı. Amma bu qollar mənim üçün o qədər də böyük önəm kəsb etmir. Çünki üzərimdə daha çox işləməli olduğumu bilirəm.
- Bütövlükdə, “Turan”la oyunu necə dəyərləndirərdiz?
- Nəticədən razıyıq. Amma meydança yaxşı olsaydı, oyun tamamilə fərqli olacaqdı. Bizi qarşıda daha çətin oyunlar gözləyir. Məhz həmin oyunlarda ustalığımızı göstərməyimiz lazımdı.
- Bəs “Turan” haqda nə deyərdiz?
- Yaxşı güclü komandadı. Onların oyunçularının əksərini tanıyırdım. Onlar meydanda bacardıqlarını etdilər. Hətta 0:3 hesabıyla yenik duruma düşəndən sonra da təslim olmaq istəmirdilər. Məgər bu, az şeydən xəbər verir?
- Vaxtilə “Neftçi”də oynadığınız halda, indi əzəli rəqibin düşərgəsindəsiz...
- Futbolda belə hallar olur. Düşünürəm ki, azarkeşlər məni başa düşərlər. Mən şadam ki, yeni komandam yüksək yerlər uğrunda mübarizə aparırlar. “Xəzər Lənkəran” güclü komandadı. Həmişə qələbə qazanmaq istəyir. “Neftçi”də də belə idi.
- “Neftçi” azarleşlərinin sizi xüsusi qarşılayacağından ehtiyatlanmırsız?
- Ümid edirəm ki, onlar məni başa düşürlər.
- Bəs XL fanatları? Onların sizi belə isti qarşılayacağını gözləyirdiz?
- “Xəzər Lənkəran” fanatları Azərbaycanda ən yaxşıdılar. Onlar bizi sadəcə möhtəşəm dəstəkləyirdilər. Sağ olsunlar.
- “Neftçi”ylə oyunlar sizin üçün xüsusi əhəmiyyət daşıyacaq?
- Mən həmin oyunda da oynasam, qol vurmağa çalışacağam. Eləcə də digər rəqiblərlə matçlarda. “Neftçi” də istisna deyil. Özü də Azərbaycan çempionatı mənim üçün tanış turnirdi. Çox şeydən xəbərim olsa da, yeni komandama təzəcə uyğunlaşmağa başlamışam.
