22 avqust 2011 11:22
Rəşad Abdullayev Azərbaycan yığmasından imtina etdi
Xəbər verdiyimiz kimi, bu gündən etibarən Azərbaycan milli komandasının Bakı şəhərində təlim-məşq toplanışı başlayıb. Azerisport.az xəbər verir ki, millinin toplanışına dəvət olunmuş 2 futbolçu hazırlıq prosesində iştirak etməyəcək.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də İngiltərə yığması ilə qarşılaşacağını nəzərə alan millinin baş məşqçisi Berti Foqtsun razılığına əsasən, Araz Abdullayev U-21-in təlim-məşq toplanışına yollanıb.
“Neftçi” klubunun futbolçusu Rəşad Abdullayev isə bu gün millinin baş məşqçisi Berti Foqtsla görüşərək, milli komandanın təlim-məşq toplanışında iştirak etmək istəmədiyini bildirib. Bunu nəzərə alan baş məşqçi, Rəşad Abdullayevin millinin heyətindən kənarlaşdırılması ilə bağlı qərar verib.
AFFA-nın yaydığı məlumata görə, millinin təlim-məşq toplanışında üzürlü səbəb olmadan iştirakdan imtan etmiş Rəşad Abdullayevin məsələsi «Oyunçuların Statusu və Transferi haqqında Əsasnamə»yə uyğun olaraq, AFFA-nın İntizam Komitəsində müzakirə olunacaq, ona qarşı intizam cəza tədbiri tətbiq ediləcək.
