23 avqust 2011 14:25
İnterin cəzası: 21 min AZN cərimə və 0:3
AFFA İntizam Komitəsinin qalmaqallı "İnter" - "Bakı" oyunu ilə bağlı qərarı məlum olub. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
Premyer Liqasının III turunun "İnter" - "Bakı" matçının 90+1-ci dəqiqəsində "İnter" klubunun qapısına 11 metrlik cərimə zərbəsi təyin olduqdan sonra "İnter" klubunun prezidenti meydançaya daxil olaraq komandanı meydançadan çıxarıb. Hakimlər 10 dəqiqə gözləsələr də, "İnter" klubu meydançaya qayıtmayıb və matç başa çatmayıb. Matçda baş vermiş hadisələrlə əlaqədar olaraq "İnter" klubuna aşağıda göstərilmiş şəkildə cərimə və cəzalar tətbiq olunur:
Matçın 90+1-ci dəqiqəsində meydançaya "İnter" klubunun azarkeşləri tərəfindən kənar əşya atıldığı üçün klub 2000 (iki min) manat cərimə olunur.
Oyunun 90+1-ci dəqiqəsində "İnter"in futbolçusu Georgi Lomaya kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanır, klubu 2000 manat cərimə olunur.
Matçın 90+1-ci dəqiqəsində "İnter" klubunun prezidenti Georgi Nikolov icazəsiz meydançaya daxil olaraq komandanı meydançadan çıxardaraq matçı izləyənlərə qarşı hörmətsizlik etdiyi üçün 5 oyunluq cəzalanır, klubu 5000 manat cərimə olunur.
Oyunun 90+1-ci dəqiqəsində "İnter" özbaşına meydançanı tərk edərək oyunu davam etdirməkdən boyun qaçırdığı üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir və klub 10 000 manat cərimə olunur.
Matçdan sonra keçirilən mətbuat konfransında “İnter” klubunun baş məşqçisi Kaxaber Tsxadadze iştirak etmədiyi üçün klub 1000 manat cərimə olunur.
Matçda "İnter" klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
