23 avqust 2011 14:51
AFFA Qəbələyə cərimə kəsib, xəbərdarlıq etdi
AFFA İntizam Komitəsinin "Qəbələ" - AZAL oyunu ilə bağlı qərarı məlum olub. Azerisport.az xəbər verir ki, komitənin bu günkü iclasında bu qalmaqallı oyunla da bağlı qərar qəbul edilib.
Komitə Zohair Benouahini kəllə ilə vururaq birbaşa qırmızı vərəqə alan Mahir Şükürovu 4 oyunluq cəzalandırıb və 4000 manat cərimə edib. Lakin AFFA hamının gözü qarşısında hakim Əliyar Ağayevi itələyən Mahirin bu hərəkətini isə cəzasız qoyub. Hər halda, komitənin qərarında bu barədə heç bir bənd yoxdu.
"Qəbələ" stadiona kənar əşya atıldığı üçün 2000 manat cərimə olunub. Halbuki, "Qəbələ"nin buna görə daha ağır sanksiyalara məruz qalacığı gözlənilirdi. Çünki futbolçular azarkeşlər tərəfindən daş-qalaq edilmişdi ki, bu hatta stadionun bağlanmasına belə səbəb ola bilərdi.
AZAL-ın "Qəbələ"yə texniki məğlubiyyət verilməsi ilə bağlı tələbi isə təmin olunmayıb.
AFFA həmçinin "Qəbələ"yə Premyer Liqa matçlarında azarkeşlərinin davranışı ilə bağlı müvafiq tədbirlər görməyi tapşırıb. Əks halda analoji hadisənin təkrarlanacağı təqdirdə kluba qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək. Həmçinin "Qəbələ"nin ev oyunlarında ictimai təhlükəsizliyin maksimum dərəcədə qorunması tapşırılıb.
