24 avqust 2011 02:37
Eto`O rəsmən Sadıqovun komandasında
Rusiyanın "Anji" klubu Samuel Eto'O-nun transferini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, bu barədə Mahaçqala klubu rəsmi açıqlama yayıb.
Klubun rəsmi saytının yaydığı xəbərdə bildirilir ki, "Anji" və "İnter" arasında kamerunlu futbolçunun keçidi ilə bağlı anlaşma əldə olunub. Lakin futbolçunun transfer qiyməti iki klubun qarşılıqlı razılaşmasına əsasən açıqlanmır.
Kamerunlu oyunçu tibbi müayinədən keçəcək və 3 illik müqavilə imzalayacaq. Samuel cümə axşamı komandaya qoşulacaq və "Rostov"la oyunun hazırlıqlarına başlayacaq.
"Anji" Eto'O-nun transfer qiymətini açıqlamasa da, klubun sahibi Süleyman Kərimovun "İnter"ə 30 milyon avro ödədiyi deyilir. "Anji"də hazırda milli komandamızın sabiq baş məşqçisi Vaqif Sadıqov məşqçi işləyir.
