24 avqust 2011 16:45
Xəzər Lənkəranın bazasında yanğın baş verdi
Avqustun 23-dən 24-nə keçən gecə Lənkəranda yağan leysan yağışı nəticəsində “Xəzər Lənkəran”ın baza-otelində yanğın baş verib. Azerisport.az xəbər verir ki, gecə saatlarında bazanın elektrik xətlərində qısa qapanma baş verib və bir neçə dəqiqəyə binanı bütövlüklə tüstü bürüyüb.
Elektrik xətlərinin yanmış izolyasiya qabığının iyinin otaqlara dolması və futbolçuları narahat etməsini nəzərə alan rəhbərlik dərhal komandanı Bakıya yola salıb. Yanğının qarşısı alınandan sonra yanğısöndürən maşınları hadisə yerinə gəlib.
Stadionun direktoru Höccət Hacıyev hadisənin baş verdiyini təsdiqləyib. Lakin o, xəsarət alanın olmadığını və komandanın sağ-salamat Bakıya yola salındığını deyib. Stadionun əsas meydançasındakı son durumu soruşduqda isə Höccət bəy bunları bildirib: “Meydançada iş gedirdi, yağan güclü yağış işləri dayandırıb. Dünən meydançaya səpilmiş toxumu da yağış yuyub aparıb”. (12-ci oyunçu)
