25 avqust 2011 14:51
Neftçi daha bir hücumçusundan imtina etdi
“Neftçi" daha bir futbolçusunu icarəyə verib. Azerisport.az xəbər verir ki, komandanın milliləşdirilmiş forvardı Ruslan Qurbanov bir müddət başqa klubda forma geyinəcək.
Belə ki, bu günlərdə ayağından əməliyyat olunan U-21-in üzvü "Sumqayıt Şəhər"ə icarəyə verilib. İcarə müqaviləsinin müddəti mövsümün sonunadək nəzərdə tutulsa da, anlaşmaya Ruslanın qışda "Neftçi"yə qaytarılması ilə bağlı xüsusi bənd salınıb.
Qurbanov bununla bağlı fikirlərini bildirib: "Oyun praktikamı itirməmək üçün başqa komandada icarə əsasında oynamağım yaxşıdı. Mənə belə bir şərait yaratdıqlarına görə "Neftçi" klubunun rəhbərliyinə və məşqçilər korpusuna minnətdarlığımı bildirirəm. Çalışacağam ki, "Sumqayıt Şəhər"də özümü yalnız yaxşı tərəfdən göstərib, "Neftçi"nin əsas heyətində oynamaq şansı qazanım".
Qeyd edək ki, "Neftçi" bundan əvvəl 6 gənc futbolçusunu "Sumqayıt"a icarəyə vermişdi.
