25 avqust 2011 11:26
Xəzər Lənkəranda dubl qəhrəmanlarının sayı 30-a çatdı
Premyer Liqanın 3-cü turunun “Turan”la oyunu 2 futbolçunun ilk dəfə “Xəzər Lənkəran”da qol vurması ilə əlamətdar oldu. Azerisport.az xəbər verir ki, dubl müəllifi olan Branimir Subaşiç və matçdakı son qolu vuran Rikardo Qomeş yeni klublarındakı qol hesabını açdılar.
Bununla da “Xəzər Lənkəran”da qol vuran oyunçuların ümumi sayı 68-ə çatdı. Bunlardan 42-si legionerdi. Komandada qol vuran 42-ci legioner olan Rikardo buna nail olan 7-ci braziliyalıdı. Ona qədər Denis Silva 3, Dieqo Qusmao Souza 4, Junior Osvaldo 11, Kristian Martins Kabral 2, Mario Souza 26, Romulo Silvano 8 qola imza atmışdı. Bir sözlə, 7 braziliyalı snayperin ifasında 55-ci qol tovuzlularla matçda vuruldu.
Branimir isə həmyerlisi – 3 qol vuran Marinko Petroviçdən sonra XL-da fərqlənən 2-ci serbiyalı oldu. Hücumçu komandanın tarixində 59-cu, ölkə çempionatlarında isə 39-cu dublunun müəllifi oldu. O, “Xəzər Lənkəran” formasında 1 matçda 2 qol vuran 30-cu oyunçu kimi tarixə düşdü.
