25 avqust 2011 12:42
Premyer Liqanın 3-cü turunun ən gözlənilməz nəticəsi müəyyənləşdi
Azerisport.az növbəti sorğusuna yekun vurub. “Premyer Liqanın 3-cü turunun oyunlarından hansının nəticəsi daha gözlənilməz oldu” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyi ilə sizi də tanış edirik.
Maraqlıdı ki, sorğuda iştirak edənlərin 36 faizi bu mənada “Qəbələ” – AZAL görüşünü seçib. Lakin onların bu fikrinin nəyə əsaslandığını müəyyənləşdirmək də çətindi. Çünki öncədən ola bilsin ki, hər kəs meydan sahiblərinin qələbə qazanacağını düşünürdü. Amma matçın ilk dəqiqələrindən “Qəbələ”nin azlıqda qalması da AZAL-ın qələbə qazanmaq şanslarını artırırdı. Elə azarkeşlər də məhz bu üzdən heç-heçəni (1:1) gözlənilməz saya bilərlər.
Respondentlərin 30 faizi isə “Neftçi” – “Sumqayıt Şəhər” matçını seçiblər. Hər halda “ağ-qaralar”ın bu qarşılaşmada 4 cavabsız qol vuracağı bir qədər gözlənilməz hesab olunur. Digər oyunlara gəlincə, müvafiq olaraq “Xəzər Lənkəran” – “Turan”, “Kəpəz” – “Qarabağ” və “Simurq” – “Rəvan” görüşləri fərqləndirilib.
