27 avqust 2011 01:47
Daha bir Azərbaycan – Qazaxıstan dueli
Futbol üzrə 17 yaşlılardan ibarət Azərbaycan yığmasının Palanqa turnirindəki növbəti rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, komandamız 5-ci yer uğrunda mübarizə aparacaq.
Çünki qrupundakı ilk oyununda Belarusu 3:1 məğlub edib, ardından Gürcüstana 1:2 yenilən, Latviya iləsə 1:1 hesablı heç-heçəyə razılaşan Təbriz Həsənovun komandası sonda öz yarımqrupunu 3-cü yerdə bitirib. Belədə, futbolçularımız medallar uğrunda mübarizə aparmaq şanslarını itiriblər.
Digər yarımqrupda isə üçüncü yeri Qazaxıstan tutub. Qazaxlar da öz yarımqruplarında Moldovanı qabaqlayaraq, sonuncu pillədən yaxa qurtara biliblər.
Turnirin final matçında Gürcüstan meydan sahibi Litva ilə qarşılaşacaq. Ukrayna isə Latviya ilə üçüncülük uğrunda mübarizə aparmalıdı.
